Bakı. Trend:
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələnin qəti şəkildə həll olunduğunu bildirən Milli Məclisin deputatı Əminə Ağazadə hesab edir ki, bu reallığı dəyişdirməyə yönəlmiş istənilən siyasi, hüquqi və ya informasiya xarakterli təşəbbüs nəticəsiz qalmağa məhkumdur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Əminə Ağazadə parlamentin bugünkü iclasında çıxışı zamanı bu barədə danışıb.
Deputat qeyd edib ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanat müasir dövrdə dövlətlərin üzləşdiyi təhlükələrin mahiyyətini bir daha aydın şəkildə ortaya qoyur.
“Bu gün təhdidlər yalnız hərbi vasitələrlə deyil, informasiya manipulyasiyaları, siyasi təzyiqlər, dezinformasiya kampaniyaları, hüquqi mexanizmlərdən sui-istifadə və xarici müdaxilə cəhdləri vasitəsilə də həyata keçirilir”, - deyə o bildirib.
Ə.Ağazadənin sözlərinə görə, komissiyanın təqdim etdiyi faktlar göstərir ki, son illərdə Fransanın ayrı-ayrı siyasi dairələri və institutları tərəfindən Azərbaycana münasibətdə ardıcıl qərəzli yanaşma nümayiş etdirilib.
“Xüsusilə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda aparılan kampaniyalar, qəbul edilən birtərəfli qətnamələr, informasiya məkanında formalaşdırılan mənfi təsəvvürlər və regionda sülh prosesinə mane olan addımlar ciddi narahatlıq doğurur”, - deyə deputat vurğulayıb.
O bildirib ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman açıq şəkildə ifadə edib.
“Dövlətimizin məqsədi regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsidir. Bu baxımdan xarici təsir və təzyiq vasitələri ilə regionda yeni gərginlik yaratmaq cəhdləri nə beynəlxalq hüququn prinsiplərinə, nə də sülh gündəliyinə xidmət edir”, - deyə o qeyd edib.
Deputat əlavə edib ki, bəzi xarici siyasi dairələr Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək əvəzinə, köhnə geosiyasi yanaşmaları davam etdirməyə çalışırlar.
“Lakin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələ artıq qəti şəkildə həll olunub. Bu reallığı dəyişdirməyə yönəlmiş istənilən siyasi, hüquqi və ya informasiya xarakterli təşəbbüs nəticəsiz qalmağa məhkumdur”, - deyə Ə.Ağazadə bildirib.
Deputat xüsusilə vurğulayıb ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və bütün tərəfdaşlarından da eyni yanaşmanı gözləyir.
“Dövlətlərin suverenliyinə və daxili işlərinə hörmət beynəlxalq münasibətlərin fundamental prinsiplərindəndir və bu prinsip seçmə qaydada tətbiq edilə bilməz”, - deyə o bildirib.
Ə.Ağazadənin fikrincə, bu gün qarşıda duran əsas vəzifə yalnız ayrı-ayrı qərəzli addımlara reaksiya vermək deyil, həm də dövlətin suverenliyini, milli maraqlarını və müstəqil xarici siyasət kursunu hədəfə alan hibrid müdaxilə cəhdlərinə qarşı ardıcıl və prinsipial mövqe nümayiş etdirməkdir.
“Azərbaycan öz milli maraqlarını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq müdafiə edir və heç bir xarici təzyiq ölkəmizin müstəqil qərarvermə hüququna təsir göstərə bilməz. Əminəm ki, dövlət institutlarımızın əlaqələndirilmiş fəaliyyəti, milli həmrəylik və hüquqa əsaslanan mövqeyimiz sayəsində ölkəmizə qarşı yönəlmiş bütün hibrid təhdidlərin qarşısı bundan sonra da uğurla alınacaqdır”, - deyə deputat əlavə edib.