Bakı. Trend:
Serbiya Respublikasının paytaxtı Belqradda Azərbaycan icması ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, icma nümayəndələrinin problemləri, təklif və təşəbbüsləri dinlənilib, diaspor fəaliyyətinin daha səmərəli təşkili məqsədilə müzakirə aparılıb.
Azərbaycan və türk icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın və Serbiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva komitənin dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin gücləndirilməsi və diaspor şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihə və proqramlar barədə geniş məlumat verib. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz fəaliyyətləri ilə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, mədəni irsimizin təbliğində və dövlət maraqlarının müdafiəsində mühüm rol oynayır. Qeyd olunub ki, Serbiyadakı Azərbaycan icmasının formalaşdırdığı sağlam ictimai mühit qarşılıqlı etimada, dostluq münasibətlərinə və ortaq milli maraqlara əsaslanır, soydaşlarımızın birgə fəaliyyəti diasporun nüfuzunun ildən-ilə artmasına təkan verir.
Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən "Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin rəhbəri Günel Babanlı azərbaycanlıların bu ölkədə birlik və həmrəylik içində yaşadığından bəhs edib, həmçinin mərkəzdə Azərbaycan dilinin tədrisi ilə yanaşı, ölkəmizin zəngin mədəniyyətinin, milli adət-ənənələrinin sistemli şəkildə öyrədildiyini söyləyib.
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Gülnarə Məmmədova və Orxan Əliyev icma görüşündə iştirak edib.
Görüş konstruktiv müzakirələrlə davam edib. Soydaşlarımız Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələrini, əldə olunan nailiyyətləri diqqət mərkəzinə gətirib, göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Diaspor fəalı, mərhum Zərifə Əlizadənin təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı onun qızına təqdim edilib. Zərifə Əlizadə Serbiyada fəaliyyət göstərmiş tanınmış azərbaycanlı professor, musiqiçi və diaspor xadimidir. Soydaşımız uzun illər Azərbaycan mədəniyyətinin Serbiyada və Balkan regionunda təbliğ olunmasında böyük rol oynayıb.
İcma görüşündə, həmçinin Şərqi Avropada yaşayan Azərbaycanlıların Serbiya üzrə Koordinasiya Şurasına yeni koordinator seçilib.
Serbiyada Azərbaycan icması ilə görüş bədii hissə ilə davam edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları təkcə 2025-ci ildə 30 ölkəyə 100-ə yaxın səfər həyata keçirib, minlərlə azərbaycanlının və xaricinin iştirakı ilə görüşlər keçiriblər. Baş tutan görüş və məhsuldar müzakirələr dünya azərbaycanlılarının azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsinə, milli həmrəyliyin güclənməsinə və diaspor fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə təkan verir.






















