Bakı. Trend:
Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Ankarada keçirilən iclasda digər məsələlərlə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş son prosesləri müzakirə edib.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ iclasının yekunlarına dair yayılan bəyanatda bildirilib.
Müzakirələr zamanı iştirakçılar regionda terror təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işləri də qiymətləndiriblər.
“Ölkənin və qonşu dövlətlərin terrorizmin ağır yükündən, o cümlədən Türkiyə üçün təhlükə yaradan PKK, İŞİD və FETÖ terror təşkilatlarından azad edilməsi istiqamətində qəti iradə bir daha təsdiqlənib”, – deyə MTŞ-nin bəyanatında vurğulanıb.
Şərqi Aralıq dənizindəki vəziyyət kontekstində Türkiyənin Kipr üzrə qarant ölkə kimi kiprli türklərin təhlükəsizliyinin və rifahının təmin olunmasına yönəlmiş siyasətə sadiqliyi bir daha ifadə edilib. İclas iştirakçıları Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərinə xələl gətirə biləcək cəhdlərin, eləcə də Şərqi Aralıq dənizində mövcud sülh mühitini pozmağa yönələn addımların qarşısının alınmasının vacibliyi barədə ortaq mövqe sərgiləyiblər.
İclas zamanı İran ətrafındakı vəziyyət də müzakirə olunub.
Tehran və Vaşinqton arasında əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub, dialoq prosesini pozmağa yönələn cəhdlərə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.
Bəyanatda Ankaranın regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərə fəal töhfə verməyə hazır olduğu qeyd edilib.
Ukraynadakı vəziyyətə toxunan Türkiyə Milli Təhlükəsizlik Şurası münaqişənin daha da kəskinləşməsinin və qonşu regionlara, xüsusilə də Qara dəniz hövzəsinə yayılmasının qarşısının alınması üçün bütün tərəfləri ədalətli və dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb.