Bakı. Trend:
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistandakı Zar təlim poliqonunda "Qartal Tərəfdaşı 2026" hərbi təlimləri başlayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 25-dək davam edəcək təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının (250 iştirakçı), ABŞ-ın Avropa və Afrikadakı ordusunun, eləcə də Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransa Silahlı Qüvvələrinin (24 iştirakçı) və Yunanıstan Silahlı Qüvvələrinin (11 iştirakçı) hərbçiləri iştirak edirlər.
Təlimlərə sülhməramlı tapşırıqlara hazırlıq və onların yerinə yetirilməsi ilə bağlı fəaliyyətlər daxil olacaq.
Bu, dördtərəfli formatda təlimlərin ilk dəfə keçirilməsidir. Ermənistan və ABŞ arasında "Qartal Tərəfdaşı" təlimləri ilk dəfə 2023-cü ilin sentyabr ayında Ermənistanda keçirilib. Sonuncu dəfə isə 2025-ci ilin avqust ayında keçirilib.
Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı əlaqə səviyyəsini artırmaq, idarəetmə və taktiki kommunikasiya sahəsində ən yaxşı təcrübələri mübadilə etmək və Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlığını artırmaqdır.
Qeyd edilib ki, sülhməramlı missiyalara hazırlıqların bir hissəsi olaraq, beynəlxalq əməliyyatlara hazırlaşan bölmələr vaxtaşırı tərəfdaş ölkələrdə oxşar birgə təlimlərdə və təlim sessiyalarında iştirak edirlər.