Bakı. Trend
Azərbaycan ölkənin digər inkişaf prioritetlərinə xələl gətirmədən işğaldan azad edilmiş ərazilərə davamlı investisiyalar yatırmağa imkan tapa bilib.
Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən dialoq zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan regionda sülhün bərpası mərhələsindədir. O qeyd edib ki, ərazi bütövlüyü iqtisadi siyasətin proqnozlaşdırıla bilməsinə və sabitliyinə çox müsbət təsir göstərir.
Cabbarov bildirib ki, Azərbaycan ölkənin digər inkişaf prioritetlərində hər hansı azalmaya yol vermədən işğaldan azad edilmiş ərazilərə investisiyaları davam etdirməyə imkan tapa bilib.
“Əhəmiyyətli makroiqtisadi ehtiyat və dövlət maliyyəsinin idarə olunmasının keyfiyyəti sadəcə təhlükəsizlik yastığı deyil. Bunlar bizə daha uzunmüddətli özünüödəmə dövrünə malik investisiyalardan söhbət gedəndə daha cəsarətli addımlar atmağa imkan verir”, — deyə nazir bildirib.
Cabbarov həmçinin qeyd edib ki, Azərbaycan İİB ilə yeni birgə layihələrin perspektivinə və daha sıx əməkdaşlığa böyük həvəslə yanaşır. Bu əməkdaşlıq, o cümlədən özəl sektor sahəsini əhatə edir. Nazir vurğulayıb ki, özəl sektor bu gün həm üzv dövlətlər, həm də bankın özü üçün əsas prioritetlərdən biridir.