Bakı. Trend:
İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) əsas məqsədlərindən biri üzv ölkələr arasında ticarətin genişləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsidir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ICIEC-in Baş icraçı direktoru (CEO) Xalid Xələfulla Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” sessiyasında deyib.
“Adətən ixrac edən şirkətlərdə alıcıların kredit qabiliyyəti barədə məlumat çatışmazlığı olur və ya bu risklər ölkə reytinqləri və informasiya məhdudluğu səbəbindən daha yüksək qiymətləndirilir. Biz isə bu riskləri sığortalamaqla ticarətin daha etibarlı və rahat şəkildə aparılmasına şərait yaradırıq", – deyə X. Xələfulla qeyd edib.
Onun sözlərinə görə, investisiya sığortası və risklərin azaldılması regional inteqrasiyada iki əsas istiqamət üzrə özünü göstərir: infrastruktur layihələrinin və enerji layihələrinin dəstəklənməsi. Baş icraçı direktor xüsusilə dəmir yolu və avtomobil yolu kimi nəqliyyat infrastrukturunun üzv ölkələri birləşdirərək ticarətin asanlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
“Biz üzv ölkələri birləşdirən iri infrastruktur layihələrini – xüsusilə dəmir yolu və avtomobil yollarını dəstəkləyirik. Bu layihələr regionlararası əlaqələri gücləndirir və ixracın daha asan həyata keçirilməsinə imkan yaradır”, – deyə o bildirib.
İslam İnkişaf Bankı Qrupu və ICIEC-in bu sahədə geniş beynəlxalq əməkdaşlığa malik olduğunu qeyd edən X. Xələfulla bildirib ki, böyük infrastruktur layihələri adətən tək bir qurum tərəfindən deyil, beynəlxalq maliyyə institutları və ixrac kredit agentlikləri ilə birgə həyata keçirilir.
“Biz Dünya Bankının sığorta strukturları, ərəb ölkələri üçün Daman, Afrika ölkələri üçün ATIDI kimi qurumlarla əməkdaşlıq edirik. Eyni zamanda Avropa ixrac kredit agentlikləri – Euler Hermes, Coface, CESCE, eləcə də ABŞ Exim Bankı ilə birlikdə fəaliyyət göstəririk. Çünki xüsusilə dəmir yolu sektorunda texnologiyanın əsas hissəsi Avropa və ABŞ mənşəlidir”, – deyə ICIEC rəhbəri vurğulayıb.
O, bu əməkdaşlığın konkret nəticələrini nümunələrlə də izah edib:
“Biz Riyad metrosu layihəsində Avropa agentlikləri ilə birgə sığorta dəstəyi göstərmişik, Dubay metrosunda da eyni mexanizmlər tətbiq olunub. Ötən il isə Türkiyədə üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik. Onlardan biri Azərbaycan sərhədinə yaxın ərazidə yerləşirdi və bu da faktiki olaraq regional inteqrasiyaya töhfə verir".
X. Xələfulla qeyd edib ki, ICIEC tərəfindən təqdim edilən siyasi risk sığortası maliyyə institutları üçün kredit rahatlığı yaradır və bu, kommersiya banklarının daha çox layihəyə maliyyə ayırmasına imkan verir.
“Biz AA reytinqli sığorta qurumuyuq və İslam İnkişaf Bankı Qrupunun tərkibində fəaliyyət göstəririk. Bu status banklara kredit rahatlığı təmin edir və onların daha çox əməliyyatı maliyyələşdirməsinə şərait yaradır", – deyə o bildirib.
Onun sözlərinə görə, siyasi risk sığortası yalnız real riskləri deyil, həm də bazarda mövcud olan risk qavrayışını azaldır və bu, investisiya axınlarının genişlənməsinə səbəb olur.
“Bəzən risk real olmur, sadəcə informasiya çatışmazlığı və ya media təsiri səbəbindən yüksək qiymətləndirilir. Bizim sığorta mexanizmlərimiz bu qavrayışı azaldır və ölkələrə daha çox resurs cəlb etməyə imkan yaradır", – deyə o vurğulayıb.
ICIEC rəhbəri əlavə edib ki, təşkilatın portfelində əsas payı infrastruktur, xüsusilə nəqliyyat və enerji sektorları tutur: “Enerji layihələri bəzən yalnız daxili tələbatı ödəyir, bəzi hallarda isə qonşu ölkələrə ixrac məqsədi daşıyır. Bu da regional enerji inteqrasiyasına əlavə töhfə verir".
Sonda X. Xələfulla qeyd edib ki, ICIEC-in investisiya sığortası üzrə fəaliyyəti bütövlükdə regional inteqrasiyanın gücləndirilməsinə, ticarətin asanlaşdırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edir.