Bakı. Trend:
İnanırıq ki, "Sea Breeze" gələcəkdə Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "Sea Breeze Resort"un Satış və İnvestisiya direktoru Ena-Kameliya Məlikova Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
Ena-Kameliya Məlikova bildirib ki, "Sea Breeze" layihəsinin əsas fəlsəfəsi sadəcə yaşayış binaları deyil, bütöv bir ekosistem və həyat tərzi formalaşdırmaqdır.
“Biz sadəcə binalar tikmirik, bütöv bir ekosistem yaradırıq. "Sea Breeze" hazırda Azərbaycanın daşınmaz əmlak və turizm sektorunda ən böyük layihələrdən biridir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi ərazini yalnız mövsümi deyil, ilin 365 günü yaşayan aktiv bir mərkəzə çevirməkdir.
“Bunun üçün sosial infrastruktura, əyləncə, idman, iaşə və tibb obyektlərinə böyük investisiyalar yatırırıq. Beynəlxalq standartlara uyğun məktəblər, uşaq bağçaları və klinikalar inşa edilir ki, burada yaşayan insanların bütün əsas ehtiyacları yerində qarşılanabilsin”, – deyə o bildirib.
Direktor vurğulayıb ki, layihə xarici investorların cəlbi baxımından da böyük maraq doğurur.
“Hazırda layihəmizdə Rusiyadan, Qazaxıstandan, Birləşmiş Ərəb Əmirliklərindən və Avropadan investorlar və mənzil alıcıları var. Bu maraq həm branded residences konsepsiyası, həm də təqdim etdiyimiz yüksək xidmət keyfiyyəti ilə bağlıdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, xarici investorlar üçün viza və rəsmiləşdirmə prosedurlarının sadələşdirilməsi, həmçinin idarəedici şirkət tərəfindən mənzillərin icarəyə verilməsi xidmətinin təşkili layihənin investisiya cəlbediciliyini artırır. Ena-Kameliya Məlikova əlavə edib ki, "Sea Breeze" layihəsinin gələcək inkişaf planları daha genişmiqyaslıdır. “Yeni sahil xəttinin genişləndirilməsi, yeni hotel brendlərinin layihəyə cəlb olunması və kommersiya sahələrinin artırılması üzərində işləyirik. İnanırıq ki, "Sea Breeze" gələcəkdə Azərbaycanın əsas vizit kartlarından birinə çevriləcək”, – deyə o vurğulayıb.