Bakı.Trend:
İslam İnkişaf Bankı (IsDB) Qazaxıstanla birgə layihə çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinə dəstək göstərməyi planlaşdırır.
IsDB-nin hesabatında qeyd olunduğu kimi, bank Azərbaycanı bilik və ekspertiza alan ölkə, Qazaxıstanı isə bilik və ekspertiza təqdim edən ölkə kimi əhatə edən Reverse Linkage formatında layihə hazırlayır. Təşəbbüsün məqsədi Azərbaycan Akkreditasiya Mərkəzinin potensialını gücləndirmək və son nəticədə Beynəlxalq Akkreditasiya Təşkilatında tamhüquqlu üzvlüyə nail olmaqdır.
Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsdir və dövlət tərəfindən akkreditasiya prinsipləri və qaydalarına riayət olunmasını təmin etmək, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə məşğul olan təşkilatların müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləmək səlahiyyəti verilmiş vahid milli orqandır.
“Bu təşəbbüslər çərçivəsində Azərbaycan IsDB-yə üzv ölkələr arasında həmrəylik əsaslı əməkdaşlığın təşviqində liderlik nümayiş etdirir”, – deyə bankın hesabatında bildirilir.
Sənəddə həmçinin xatırladılır ki, 2023-cü ildə IsDB Reverse Linkage proqramı çərçivəsində Azərbaycan üçün 260 min ABŞ dolları məbləğində qrant təsdiqləyib.
Bu qrant çərçivəsində Pakistan ekspertiza təqdim edən ölkə, Azərbaycan isə bu ekspertizanı alan ölkə qismində çıxış edib. Layihə xəstəliklərə və iqlim streslərinə davamlılıq da daxil olmaqla, dayanıqlı və iqtisadi baxımdan səmərəli xüsusiyyətlərə malik pambıqçılığın inkişafına yönəlib. Birinci mərhələ Pakistanda təlim kursunun keçirilməsini əhatə edib və bu mərhələ 2025-ci ildə uğurla başa çatdırılıb. Layihənin digər komponentlərinin icrası isə davam etdirilir.
Hesabatda ayrıca qeyd olunur ki, proqramın məqsədi əlverişsiz ətraf mühit şəraitinə, o cümlədən vertisillioz solma xəstəliyinə, quraqlığa, torpaqların şoranlaşmasına, həmçinin zərərvericilərə və herbisidlərə davamlı genom redaktəsi edilmiş pambıq sortlarının inkişaf etdirilməsidir. Bundan əlavə, mütəxəssislərin hazırlanması, sahə sınaqlarının keçirilməsi və nəticələrin sonrakı validasiyası da nəzərdə tutulur.
Bundan başqa, 2025-ci ildə IsDB Tacikistan üçün innovativ həllər əsasında dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına yönəlmiş daha bir Reverse Linkage qrantını təsdiqləyib. Qrantın məbləği 258 min ABŞ dollarıdır.
Bu layihədə Azərbaycan ekspertiza təqdim edən ölkə, Tacikistan isə bu ekspertizanı alan ölkə kimi çıxış edir. Təşəbbüs Azərbaycandakı ASAN xidmət sisteminə oxşar dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal platformanın yaradılmasını nəzərdə tutur. Bu, vətəndaşların dövlət xidmətlərinə çıxışını sadələşdirməyə və dövlət qurumları ilə qarşılıqlı əlaqənin səmərəliliyini artırmağa imkan verəcək.