Bakı. Trend:
“Sea Breeze” 23 kilometrlik sahil boyunca “şəhər içində şəhər” modeli ilə inkişaf edir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu “Sea Breeze”in Satış və İnvestisiya direktoru Ena-Kameliya Məlikova Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
"Sea Breeze Resort" layihəsinin inkişaf dinamikasından danışan E. Məlikova bildirib ki, layihə ilk mərhələdə sadəcə kiçik bir istirahət zonası və məhdud infrastruktura malik mehmanxana və bir neçə restoranla başlayıb. Onun sözlərinə görə, 2006-cı ildən etibarən layihə tədricən genişlənərək ilkin mərhələdə qapalı yaşayış kompleksi və fərdi villalardan ibarət formatda inkişaf etdirilib.
Direktor qeyd edib ki, 2018-ci ildən sonra layihənin konsepsiyasında ciddi dəyişikliklər baş verib və həmin dövrdə park kompleksi olan ilk yaşayış binası və daha sonra “Lighthouse” adlı ilk apart-otel istifadəyə verilib:
"Bu mərhələdə ilk dəfə daşınmaz əmlakın idarə olunması və icarəyə verilməsi üçün vahid idarəetmə modeli tətbiq edilib ki, bu da bazarda yeni yanaşma hesab olunub. Artan tələbat fonunda layihə daha geniş miqyasda inkişaf etdirilərək 2020-ci ildən etibarən “şəhər içində şəhər” konsepsiyasına keçid alıb. Hazırda kompleksin ümumi sahəsi 4 milyon kvadratmetrdən çoxdur və burada yaşayış, kommersiya və turizm infrastrukturu paralel şəkildə formalaşdırılıb".
Onun sözlərinə görə, layihə 1700 hektardan çox ərazini və təxminən 23 kilometr sahil zolağını əhatə edir və burada məktəblər, tibb mərkəzləri, ticarət obyektləri və digər sosial infrastruktur mövcuddur. O vurğulayıb ki, kompleksdə 24 saat xidmət sistemi, o cümlədən təmizlik, iaşə və idarəetmə xidmətləri tətbiq olunur, hər bina və kompleks üçün ayrıca rezident menecerlər fəaliyyət göstərir.