Bakı. Trend:
Dövlətin siyasətinin mərkəzində iqtisadi artım, inkişaf və rifah dayanır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkənin investisiya gündəliyini getdikcə daha çox formalaşdırır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
Nazir bildirib ki, Azərbaycan hökuməti özəl sektorun inkişafına, qeyri-neft və qaz sektorunun genişləndirilməsinə, eləcə də prioritet sahələrdə yeni imkanların yaradılmasına xüsusi önəm verir.
"Aparılan ardıcıl islahatlar investisiyaların qorunmasını gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı genişləndirib və dövlət-özəl tərəfdaşlığını inkişaf etdirib.
Xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, maliyyə resurslarına çıxış, ixracyönümlü artım və sənaye infrastrukturunun gücləndirilməsi prioritet istiqamətlərdəndir", - nazir deyib.
O qeyd edib ki, qeyri-neft ixracının dəstəklənməsi çərçivəsində logistika və nəqliyyat xərclərinə dəstək göstərilir, yerli məhsulların rəqabət qabiliyyəti artırılır və yeni ixrac bazarlarına çıxış asanlaşdırılır:
"Bu tədbirlərlə yanaşı, kredit zəmanəti və faiz subsidiyası mexanizmləri də daha səmərəli şəkildə tətbiq olunur. Nəticədə istehsal, logistika, kənd təsərrüfatı, xidmətlər, bərpa olunan enerji və rəqəmsal texnologiyalar kimi sahələr investorlar üçün daha cəlbedici hala gəlir".
O bildirib ki, müasir dövrdə investorlar yalnız imkanlar deyil, həm də layihələrin sürətli və səmərəli icra oluna biləcəyi platformalar axtarırlar:
"Bu baxımdan Azərbaycan öz coğrafi üstünlüklərindən, inkişaf etmiş nəqliyyat-kommunikasiya şəbəkəsindən və qonşu ölkələrlə açıq ticarət əlaqələrindən geniş şəkildə istifadə edir. Orta Dəhliz üzərində yerləşən Azərbaycanın regionda mühüm tranzit və logistika mərkəzinə çevrildiyi diqqətə çatdırılıb", - nazir bildirib.
Nazir həmçinin qeyd edib ki, Cənubi Qafqazda davam edən sülh və normallaşma prosesi regionda yeni imkanlar yaradır.
O əlavə edib ki, investorlar üçün xüsusi əhəmiyyət daşıyan layihələrdən biri də Ələt Azad İqtisadi Zonasıdır:
"Burada müasir infrastruktur, rəqabətqabiliyyətli güzəştlər və əlverişli biznes mühiti yaradılıb. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınlığı və yeni logistik imkanlarla regionun investisiya cəlbediciliyini artırır".
Mikayıl Cabbarov bildirib ki, investorların fəaliyyətinin hüquqi çərçivədə daha etibarlı şəkildə təmin edilməsi məqsədilə xüsusi institusional qanunvericilik qəbul edilib və bu, zonada fəaliyyət göstərən bütün investorlar üçün sabit və proqnozlaşdırıla bilən hüquqi mühit formalaşdırır.