Bakı. Trend:
Kvant texnologiyaları Azərbaycanda yeni neft və qaz kəşfləri üçün əsas vasitəyə çevrilə bilər.
Bunu Trend-ə özəl videomüsahibəsində ABŞ-ın kvant platformaları sahəsində aparıcı şirkəti olan IonQ-nun baş icraçı direktoru və direktorlar şurasının sədri Nikkolo de Mazi bildirib.
Onun sözlərinə görə, kvant hesablamaları Azərbaycanın energetika, nəqliyyat, kənd təsərrüfatı, telekommunikasiya və milli infrastruktur kimi bir sıra iqtisadi sahələrində dönüş yarada, eyni zamanda yüksək ixtisaslı yeni iş yerlərinin formalaşmasına və uzunmüddətli iqtisadi artıma təkan verə bilər.
"IonQ tarixdə ən böyük kvant şirkətidir. Biz artıq 30 ildir fəaliyyət göstəririk. 1995-ci ildə dünyada ilk kvant məntiq qapısını yaratmışıq. 2020-ci ildə isə Nyu-York Fond Birjasında listinqə çıxmışıq. Hazırda şirkətdə təxminən 1 500 əməkdaş çalışır, onların 300-ə yaxını elmlər doktorudur, 800 nəfər yüksək elmi dərəcəyə malik mütəxəssisdir və portfelimizdə 1 200-ə yaxın patent mövcuddur. Biz təkcə kvant hesablamaları sahəsində deyil, həm də kvant təhlükəsizliyi, kvant şəbəkələri və kvant sensorları istiqamətlərində liderik. Azərbaycanın iqtisadiyyatını və onun potensialını nəzərdən keçirərkən məni xüsusilə ruhlandıran məqam ondan ibarətdir ki, kvant hesablamaları gələcəyin iş yerlərini yaratmaqla yanaşı, gələcəyin iqtisadi artımını da təmin edir. Onlar klassik maşın intellekti və ya GPU əsaslı süni intellektdən fərqli olaraq iş yerlərini sıradan çıxarmır, əksinə, yenilərini formalaşdırır. Bundan başqa, qərarvermə prosesində insan nəzarəti qorunub saxlanılır. Klassik superkompüterlərin həlli üçün yüzilliklər, hətta minilliklər tələb olunan məsələləri kvant kompüterləri günlər, hətta saatlar ərzində həll edə bilir", - deyə o vurğulayıb.
Nikkolo de Mazi qeyd edib ki, Xəzər regionunun neft-qaz sektoru IonQ üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kvant texnologiyaları yataqların modelləşdirilməsi və quyuların yerləşdirilməsini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.
"Biz hesab edirik ki, yataqların modelləşdirilməsi və quyuların optimal yerləşdirilməsi kvant kompüterlərimizin köməyi ilə daha səmərəli həyata keçiriləcək. Kvant sensorları vasitəsilə yeraltı strukturların və relyefin təhlilini apara, kvant şəbəkələri vasitəsilə isə təhlükəsiz rabitə təmin edə bilərik. Enerji sektoru IonQ üçün xüsusilə maraqlıdır, çünki burada fundamental elmdən başlayaraq kəşfiyyat, emal, daşınma, logistika və saxlanmanı əhatə edən tam zəncir mövcuddur. Neft-qaz sənayesində topoloji məlumat təhlili üsullarımız yeni ehtiyatların aşkarlanmasına kömək edə bilər. Kvant sensorlarımız və peyk texnologiyalarımız enerjinin ötürülməsi və nəqlinin optimallaşdırılmasına, qlobal tədarük zəncirinin izlənilməsinə, eyni zamanda yeraltı relyefin təhlili vasitəsilə yeni neft və qaz yataqlarının müəyyənləşdirilməsinə imkan verəcək. Bundan əlavə, neft emalı zavodlarının fəaliyyətinin səmərəliliyini artırmaq imkanına da malikik", - deyə o bildirib.
De Mazi əlavə edib ki, kvant kompüterləri ilə inteqrasiya olunmuş iri GPU məlumat mərkəzləri enerji resurslarına malik ölkələr üçün yeni investisiya istiqamətinə çevrilir.
"Əgər sizdə artıq GPU məlumat mərkəzləri varsa, kvant məlumat mərkəzlərinə də ehtiyac yaranacaq və onların birgə fəaliyyəti vacib olacaq. Klassik və kvant texnologiyalarını birləşdirən hibrid iş proseslərini ilk quran şirkətlər və ölkələr üstünlük qazanacaq. Düşünürəm ki, bu, Azərbaycan üçün mühüm imkandır", - deyə o qeyd edib.
Kvant hesablamaları enerji keçidini sürətləndirə bilər
Nikkolo de Mazinin sözlərinə görə, IonQ enerji saxlama sistemlərinin inkişafına, akkumulyator texnologiyalarının təkmilləşdirilməsinə və enerji keçidini dəstəkləyən yeni materialların hazırlanmasına da töhfə verə bilər.
"Azərbaycanın 2030-cu ilədək enerji balansında bərpa olunan enerjinin payını təxminən 30 faizə çatdırmaq hədəfi var. Bu isə ölkəyə daha çox neft və qaz ixrac etməyə və dövlət gəlirlərini artırmağa imkan verəcək. Kvant kompüterləri ağıllı şəbəkələrdə enerji paylanmasını optimallaşdıra bilər. Biz həmçinin bərpa olunan enerji mənbələrinin yüklənməsini yenidən bölüşdürə, enerjinin saxlanması və müxtəlif vaxtlarda istifadəsini təmin edə bilərik. Eyni zamanda, növbəti nəsil materialların modelləşdirilməsi və hazırlanması günəş, külək və istilik enerjisinin səmərəliliyinin artırılmasına, eləcə də enerjinin daha uzun müddət və daha böyük həcmdə saxlanmasına şərait yarada bilər", - deyə o izah edib.
Kvant texnologiyaları Orta Dəhlizin inkişafına təkan verə bilər
IonQ-nun baş icraçı direktorunun sözlərinə görə, kvant hesablamaları marşrutların və logistika proseslərinin optimallaşdırılmasına da kömək edə bilər.
"Kvant peyklərimiz gəmilərin izlənməsinə yardım edəcək, kvant sensorları isə GPS sistemləri sıradan çıxdıqda və ya siqnallar bloklandıqda inertial naviqasiyanı təmin edə biləcək. Orta Dəhlizdə müşahidə olunan problemlər dünya iqtisadiyyatının əhəmiyyətli hissəsinə təsir göstərir. Belə genişmiqyaslı məsələlərin həllində kvant kompüterləri problemlərə fərqli prizmadan yanaşmağa və yeni həll yolları formalaşdırmağa imkan verir. Biz yük axınlarının marşrutlaşdırılması və infrastrukturun inkişafı üçün yeni yanaşmalar təklif edə bilərik. Bundan əlavə, kvant peykləri və sensorları vasitəsilə Orta Dəhlizi izləmək, daha dəqiq naviqasiya, mövqe və zaman həlləri - mahiyyət etibarilə yeni nəsil GPS sistemləri təqdim etmək mümkündür. Bu, logistika zəncirinin bütün iştirakçılarına istənilən anda öz mövqelərini dəqiq müəyyən etməyə imkan verəcək. Nəticədə, Azərbaycan hökuməti üçün daha səmərəli idarəetmə və nəzarət sistemi formalaşacaq, eyni zamanda nəqliyyat marşrutlarının seçimi ölkə üçün daha sərfəli olacaq", - deyə o əlavə edib.
O, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.
"Kənd təsərrüfatında kvant peyklərimiz əkin sahələrinin yüksək dəqiqliklə monitorinqini, o cümlədən bitkilərin su və temperatur stressinin təhlilini həyata keçirməyə imkan verəcək. Kvant-kimyəvi modelləşdirmə fərdiləşdirilmiş biogübrələrin və pestisidlərin hazırlanmasına şərait yaradacaq", - deyə de Mazi bildirib.
Sahəvi istiqamətlərlə yanaşı, o, IonQ-nun Azərbaycanla uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlı olduğunu da qeyd edib.
"İqtisadiyyatınızın bütün sahələri kvant kompüterlərimizin müsbət təsirini hiss edəcək. Azərbaycan biznes fəaliyyəti üçün çox əlverişli ölkədir. Hazırda əməkdaşlığın ilkin mərhələsindəyik və Azərbaycana səfər planlaşdırırıq. Son illər ərzində ölkənin inkişafını, iqtisadi artımını və qlobal iqtisadi sistemə inteqrasiyasını diqqətlə izləyirik. Bu il və qarşıdakı illərdə Azərbaycanla əməkdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindəyik və yerli kommersiya şirkətləri də daxil olmaqla müxtəlif tərəfdaşlarla işləməkdə maraqlıyıq. Süni intellekt və GPU texnologiyaları yaxın gələcəkdə keçmişin texnologiyasına çevriləcək. Hesab edirəm ki, bu, Azərbaycanın strateji baxış nümayiş etdirərək digər ölkələri geridə qoyması üçün real imkandır", - deyə de Mazi bildirib.