Bakı. Trend:
Biz təhlükəsizliyimizi təmin etməyən bu razılaşmanın (ABŞ-İran razılaşması - red) tərəfi deyilik və o, heç bir şəkildə bizi əlqədar etmir.
Bu sözləri İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir "X" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, İsrail ABŞ-yə tabe deyil, müstəqil və suveren dövlətdir.
İsrail torpaqlarında yəhudilərin təhlükəsizliyini təmin etmək İsrail vətəndaşlarına, İsrail Müdafiə Qüvvələri (IDF) əsgərlərinə və yəhudi xalqına, həmçinin min illər boyu sürgündə təqib olunan və öldürülən yəhudilərə qarşı tarixi borcumuzdur.
Hər dəfə İsrailin təhlükəsizliyi hesabına beynəlxalq təzyiqlərə boyun əydikdə, bunun əvəzini qanla və üstəlik faizlə ödəmişik. Bu, Oslo razılaşmalarında belə idi, 2006-cı ildə Livan razılaşmasında belə idi.
Biz vurğulayırıq: ABŞ-ni sevirik və Prezident Trampa minnətdarıq. Və buna baxmayaraq, İsrail Dövləti “banan respublikası” deyil.
Mən bu sözləri Baş nazirə hər zaman deyirəm və hər mühüm tarixi məqamda qapalı otaqlarda təkrar edirəm: tarixi anlarda tarixi qərar qəbul edilməlidir, - deyə o qeyd edib.
Nazirin mövqeyinə görə, İsrail "Hizbullah"ın sıradan çıxarılmasından daha azına güzəşt etməməlidir.
"Döyüşçülərimizin ələ keçirib terror infrastrukturundan təmizlədiyi heç bir ərazidən geri çəkilməməliyik, minlərlə terrorçunun şimal yaşayış məntəqələrinin hasarları yanında oturduğu vəziyyətə qayıtmamalıyıq və İsrail Dövlətinə qarşı yönələn atəş qarşısında bir an belə susmamalıyıq.
Artıq düşmənlər qarşısında baş əymək niyyətində deyilik. Yəhudinin zərbə alıb susduğu günlər bitdi. Bir daha əsla!", - deyə Ben-Qvir əlavə edib.