Bakı. Trend:
Bu ilin aprel ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 146,6 milyon manat həcmində vəsait daxil olub. Bu müddətdə ümumilikdə 238,5 min əməliyyat həyata keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dərc olunan statistik bülletendə məlumat verilib.
Məlumata görə, ötən ilin aprel ayı ilə müqayisədə əməliyyatların sayı 98,1 min və ya 29,1 faiz azalıb, daxil olan vəsaitin həcmi isə 18 milyon manat və ya 10,9 faiz aşağı düşüb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 614,7 manat təşkil edib ki, bu da 2025-ci ilin aprel ayı ilə müqayisədə 125,7 manat və ya 25,7 faiz çoxdur.
Qeyd edək ki, aprel ayının sonuna bankların və "Azərpoçt" MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 minə çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9 faiz artıb.
Mərkəzi Bankın məlumatına əsasən, debet kartlarının sayı 11 faiz artdığı halda, kredit kartlarının sayı 11 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb.
2026-cı ilin aprel ayında kartlardan istifadə edilməklə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib. Bu məbləğin 7,969 milyard manatı elektron ticarətin payına düşüb.