İranın Ermənistandakı səfirinin çıxışı erməni təəssübkeşliyinin növbəti təzahürüdür:
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O qeyd edib ki, İran özü Ermənistana dəstək verən ölkədir:
"Buna görə də cinayətini ört-basdır etmək üçün Azərbaycanıın İsrailin ona verdiyi silahlarla Ermənistana zərər verdiyini söyləməyə çalışır. İran gündəmi dəyişməyə çalışır. Bütün hallarda səfirin bu çıxışı erməni təəssübkeşliyinin növbəti təzahürüdür. Azərbaycanın Ermənistanla savaşmasından İran niyə narahat olmalıdır? Qan qardaşlarına bu qədər sahib çıxmaq İranın nəyinə lazımdır? Deməli, bu ölkə Ermənistanla eyni düşüncəyə malikdir. Bu, başqa cür ola da bilməz".
F.Mustafa vurğulayıb ki, İran səfirinin sözləri cəfəng molla propoqandasında nümunədir:
"Deyilənlər cəfəng, primitiv, molla propoqandasıdır. Lakin bu, propoqanda nəticə verməyəcək. Çünki Azərbaycan tək Ermənistana qarşı yox, ona dəstək verən bütün şərəfsiz qüvvələrə qarşı da savaşıb və uğurlu olub. Belə təbliğatlar artıq Azərbaycan üçün önəm kəsb etmir. Əsas odur ki, biz İranın dəstəklədiyi Ermənistana qalib gəlmişik. Düşmənə, faşist zehniyyətə qalib gəlmişik. Əgər bundan İran narahatdırsa, yenə də bu məsələlərdə öz siyasətimizi uğurla başa çatdırmağa çalışacağıq".
Politoloq Natiq Miri söyləyib ki, İran səfirinin açıqlaması, əslində, düşmənçilik toxumu əkməyə hesablanıb:
"Erməniləri öldürən İsrail silahlarını xüsusi vurğulamaqla İran iki ölkə arasında düşmənçiliyi təhrik edir. Digər yandan bununla İran Azərbaycanla Ermənistan arasında da düşmənçiliyi körükləyir. Çünki silah kimin olursa-olsun erməni əsgərini öldürən kimdir? Demək ki, barmaqla Azərbaycan əsgəri hədəf göstərilir. Yəni Ermənistana sizin əsgərinizi İsrail silahı ilə Azərbaycan əsgəri öldürüb mesajını verir. Bu kontekstdən səfirin dilə gətirdiyi sadəcə sıradan cümlə deyil".
Politoloq deyib ki, səfir əslində bu cümlənin özlərinə çevrilə biləcəyini anlamayıb:
"Ortaya belə bir sual çıxır ki, Azərbaycanı öldürən silahlar Ermənistana haradan gəlmişdi? Əlbəttə, silahlar İran üzərindən Ermənistana gəlmişdi. Əlavə olaraq, İran Azərbaycan əsgərini öldürmək üçün öz istehsalı olan silahları Ermənistana verib. Belə çıxır ki, Azərbaycan əsgərini İranın ötürdüyü silahlar öldürüb. Azərbaycan əsgərinə güllə atan erməni əsgəri olsa da, İran bilavasitə prosesdə iştirak edən tərəf kimi öz düşmənliyini ortaya qoyub. İsrail düşməndirsə, İran da düşməndir. Çünki hər iki tərəf öldürmək üçün silahlar ötürüblər. Bir sözlə, silah ötürmək düşmənçilik üçün kafidirsə, onda İsrail qədər İran da düşməndir".
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb.

