Bakı. Trend:
İsveçin Yöteborq şəhərinin mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Qarabağ Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborg üzrə koordinatoru, “Azərbaycan Qarabağ Mərkəzi”nin rəhbəri Ülviyyə Nəcəfova soydaşlarımızı bu əlamətdar gün münasibətilə təbrik edərək, 28 May tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsində xüsusi yer tutduğunu vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyin qorunması, mədəni irsin təbliği və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın zəngin tarixini, çoxşaxəli mədəniyyətini və dövlətçilik ənənələrini əks etdirən xüsusi stend yaradılıb. Burada milli atributlar, nəşrlər və müxtəlif maarifləndirici materiallar nümayiş etdirilib. Tədbir iştirakçıları İsveç dilində hazırlanan broşürlər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı geniş məlumat əldə ediblər.
Tədbirin bədii hissəsində “Xarı Bülbül” rəqs qrupunun ifasında milli rəqslərimiz böyük maraq və alqışlarla qarşılanıb. Gənc soydaşlarımızın Vətənə, azərbaycançılıq ideyasına və milli dəyərlərə həsr olunan şeirləri isə tədbirə emosional və mənəvi dərinlik qatıb.
Tədbir Azərbaycanın tarixi həqiqətlərinin, mədəni irsinin və dövlətçilik ənənələrinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə tanıdılması, eləcə də diaspor fəallığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.








