Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobilla Borrero ilə görüşüb.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, enerji təhlükəsizliyi, təbii qaz təchizatı, bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və regional enerji inteqrasiyası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qlobal geosiyasi proseslərin və Yaxın Şərqdəki vəziyyətin enerji bazarlarına, xüsusilə də qaz, neft məhsulları və LNG tədarükünə təsirləri müzakirə olunub. Bildirilib ki, Aİ-nin enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycan qazı mühüm rol oynamaqda davam edir. Təbii qazın enerji balansında mühüm yer tutduğu qeyd edilərək Azərbaycanın etibarlı tərəfdaş olduğu bildirilib.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyətini və Avropanın elektrik enerjisi bazarına inteqrasiya imkanları da nəzərdən keçirilib. Bildirilib ki, layihə Avropa İttifaqının enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək strateji təşəbbüslərdən biridir.
Görüşdə, həmçinin bərpa olunan enerji istehsalı, enerji saxlanc sistemləri, elektrik şəbəkələrinin modernləşdirilməsi və regional enerji bazarlarının inteqrasiyası sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

