Bakı.Trend:
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və təchizat zəncirlərinin etibarlılığının ön plana çıxdığı bir dövrdə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatdırılması mühüm hadisə kimi qiymətləndirilir. Daşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması BTQ-ni Orta Dəhlizin ən vacib nəqliyyat bağlantılarından birinə çevirərək Azərbaycanın beynəlxalq logistika sistemində rolunu daha da gücləndirir.
Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında deputat Rizvan Nəbiyev bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi və tam gücü ilə fəaliyyətə başlaması təkcə nəqliyyat layihəsinin texniki genişlənməsi deyil, həm də Azərbaycanın geoiqtisadi və geosiyasi strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu proses Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, Azərbaycanın Avrasiyanın logistika və tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir.
"Bu mənada BTQ-nin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması strateji əhəmiyyətə malikdir. BTQ xəttinin modernləşdirilməsi nəticəsində onun yükötürmə imkanlarının əhəmiyyətli dərəcədə, 1 milyondan 5 milyon tona artması Orta Dəhlizin rəqabət qabiliyyətini yeni səviyyəyə çıxarır. Layihənin bəzi hissələri dəniz səviyyəsindən 2400 metr yüksəklikdə mürəkkəb coğrafi şəraitdə həyata keçirilib. Bu isə BTQ-nin texniki baxımdan yüksək standartlara malik layihə olduğunu göstərir.
Əvvəllər əsasən alternativ marşrut kimi qiymətləndirilən bu xətt artıq Avropa ilə Asiya arasında əsas tranzit bağlantılarından birinə çevrilir və tədarük zəncirlərində çeviklik yaradır. Həmçinin BTQ yük daşımalarının sürətini və təhlükəsizliyini artırır. Bununla o, geosiyasi risklər fonunda daha etibarlı marşrut statusu qazanır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra, və eləcə də Yaxın Şərqdə və Hörmuz boğazı ətrafındakı hərbi-siyasi gərglinliklər fonunda alternativlərin aktuallaşması BTQ-nin əhəmiyyətini kəskin şəkildə artırıb. Bu baxımdan modernləşdirmə layihəsi yalnız texniki yenilənmə ilə yanaşı həm də yeni qlobal logistika reallıqlarına strateji cavabdır".
Deputat vurğulayıb ki, BTQ-nin əsas üstünlüklərindən biri də onun multimodal və inteqrasiya olunmuş logistika sisteminə çevrilməsidir: "Dəmir yolu xətti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan dəmir yolları infrastrukturu vasitəsi ilə Xəzər dənizi, Gürcüstan və Türkiyə və Avropa bazarları ilə vahid logistika zənciri yaradır. Bu model daşınma müddətini azaldır, yük axınlarının dayanıqlığını artırır, biznes üçün daha proqnozlaşdırılan mühit formalaşdırır.
BTQ-nin sürətli və etibarlı xətt kimi təqdim olunması Azərbaycanın nəqliyyat-logistika diplomatiyasının əsas elementlərindən biridir. Bu, beynəlxalq bazarlara mesaj verir ki, Azərbaycan yalnız tranzit ərazi deyil, yüksək standartlara malik müasir logistika platformasıdır. Bu kontekstdə ADY artıq postsovet məkanının klassik dəmir yolu operatoru deyil, beynəlxalq logistika bazarında fəaliyyət göstərən innovativ və çevik tərəfdaşa çevrilir. Bu imic beynəlxalq investorlar, yükdaşıma şirkətləri, qlobal ticarət tərəfdaşları üçün etimad faktorunu gücləndirir".
R.Nəbiyev qeyd edib ki, BTQ Azərbaycanın Orta Dəhlizdəki rolunu strukturlaşdıran əsas infrastruktur elementidir. Hazırda Azərbaycan Çin–Mərkəzi Asiya-Xəzər-Qafqaz-Avropa marşrutunun əsas koordinasiya mərkəzinə çevrilir.
"BTQ-nin modernləşdirilməsi və Zəngəzur dəhlizinin açılması birlikdə daha geniş regional inteqrasiya modelinin əsasını təşkil edə bilər. Bu model yalnız nəqliyyat bağlantılarını deyil, həm də ticarət, sənaye, investisiya, rəqəmsal əlaqələndirmə və enerji əməkdaşlığını əhatə edən çoxşaxəli əməkdaşlıq platformasının formalaşmasına xidmət edə bilər.
Xüsusilə Türk dövlətləri, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz və Avropa arasında iqtisadi əlaqələrin dərinləşməsi baxımından bu layihələr strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, BTQ və Zəngəzur dəhlizinin qarşılıqlı tamamlayıcılığı Orta Dəhlizin institusional dayanıqlığını artırmaqla yanaşı, Avrasiyada yeni geoiqtisadi və geostrateji əməkdaşlıq məkanının formalaşmasına mühüm töhfə verə bilər.
BTQ və Zəngəzur dəhlizi Orta Dəhlizin institusional güclənməsinə xidmət edir; Avrasiyada yeni logistika balansı yaradır. Bakı-Tbilisi-Qars və Zəngəzur dəhlizi sinerjisi Orta dəhlizin Azərbaycan seqmentinin strateji əhəmiyyətini çox artırır",-deyə o əlavə edib.
