Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fermerlərin Rusiyaya ixrac edə bilməyəcəyi məhsul üzrə çəkdikləri zərərin kompensasiya ediləcəyini vəd edib.
Trend xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə parlament seçkiləri öncəsi seçicilərlə görüşü zamanı bildirib.
“Bibər xarab olarsa mən həmin bibərin pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”,-deyə Paşinyan bildirib.
O, çıxışında Rusiyaya ixrac üçün ədalətsiz maneələrin yarandığı bütün hallarda fermerlərə subsidiya ayrılacağını qeyd edib, lakin eyni zamanda erməni istehsalçıların bəzən keyfiyyətsiz məhsul da təqdim etdiyini vurğulayıb.
Xatırladaq ki, mayın 30-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bildirib ki, Rusiya Ermənistandan bəzi giləmeyvə növləri və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər siyahısına pomidor, xiyar, bibər, yaşıl göyərtilər və çiyələk daxildir.