Bakı. Trend:
“Abşeron” layihəsi yeni quyuların qazılmasını, 140 kilometrlik sualtı boru kəmərinin inşasını və qaz ilə kondensatın çoxfazalı nəqli üçün həllərin tətbiqini nəzərdə tutur.
Trend xəbər verir ki, bu barədə "TotalEnergies" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Emmanuel de Qiyebon Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində üç yeni quyunun qazılması planlaşdırılır və hər quyudan günə təxminən 40 min barrel neft ekvivalentində hasilat gözlənilir; bunun təxminən 30 faizi kondensat, 70 faizi isə qazdır.
Qiyebon qeyd edib ki, layihə çərçivəsində təxminən 140 km uzunluğunda sualtı boru kəməri inşa ediləcək və bu xətt hasilat quyularını birbaşa sahil obyektləri ilə birləşdirəcək, hasilat platformalarından istifadə olunmayacaq.
O həmçinin bildirib ki, layihədə aşağı izolyasiyalı boru kəməri ilə çoxfazalı nəqliyyat sistemi, eləcə də axının idarə olunması texnologiyaları, o cümlədən MEG vurulması və təmizləyici qurğuların avtomatik buraxılış sistemi (pigging) vasitəsilə boru kəmərinin mütəmadi təmizlənməsi, hasilatın dayandırılmadan həyata keçirilməsi nəzərdə tutulur.