Bakı.Trend:
"Shah Deniz Compression" layihəsi üzrə işlərin 30 faizə yaxını artıq tamamlanıb, yeni kompressor qurğusunun isə 2029-cu ildə istismara verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında bildirib.
“Bu layihə “Şahdəniz” yatağına yeni həyat verəcək”, – deyə o qeyd edib.
Daha sonra C. Kristofoli bp-nin dünən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında sərbəst qaz hasilatı layihəsi çərçivəsində ilk quyunun istismara verildiyini elan etdiyini xatırladıb.
“Yaxın vaxtlarda daha bir quyunun istismara verilməsi planlaşdırılır. Bundan sonra məlumatlar təhlil ediləcək. Bu, AÇG yatağının altında yerləşən qaz ehtiyatlarının işlənilməsinə milyardlarla dollar həcmində investisiyalara yol aça bilər”,- deyə bp-nin regional prezidenti bildirib.
C. Kristofoli həmçinin vurğulayıb ki, bp AÇG yatağında hasilatın artırılması üçün yeni texnologiyaların tətbiqini davam etdirir.
“Bu günə qədər AÇG-dən 4,6 milyard barrel neft hasil edilib və biz hesab edirik ki, yatağın potensialı hələ tam tükənməyib. Buna görə də neftvermə əmsalının artırılması üçün texnologiyalara investisiya yatırmağa davam edirik”, – deyə o əlavə edib.
AÇG-də iştirak payları aşağıdakı kimidir:
bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).