Bakı.Trend:
“Şahdəniz” yatağı regionun enerji təhlükəsizliyinin əsas elementlərindən biri olaraq qalır və gələcək investisiyalarla yeni texnologiyaların tətbiqi onun uzunmüddətli perspektivdə səmərəli işlənməsini təmin edəcək.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı sessiyada çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan ölkəni qarşıdakı onilliklər ərzində qlobal enerji mərkəzi kimi qiymətləndirməyə imkan verən bir sıra üstünlüklərə malikdir. O, bu üstünlüklər sırasında əlverişli strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu, biznes üçün münbit mühiti və yüksək insan kapitalını qeyd edib.
“Qazma, geologiya, kommersiya fəaliyyəti və mühəndislik sahələrində çalışan mütəxəssislərimiz Bakıda təkcə layihələri deyil, həm də şirkətin digər ölkələrdəki fəaliyyət istiqamətlərinin bir çoxunu dəstəkləyirlər”, – deyə Kristofoli bildirib.
O vurğulayıb ki, “Şahdəniz” yatağı Azərbaycanın enerji sektorunun potensialının parlaq nümunəsidir.
“Bu, enerji təhlükəsizliyinin təməlidir. Yatağın ehtiyatları 28 trilyon kub fut qaz təşkil edir. Müqayisə üçün qeyd edim ki, bu həcm Böyük Britaniyanın qaz tələbatını on il ərzində tam təmin etməyə kifayət edər”, – deyə o qeyd edib.
C.Kristofoli bildirib ki, bp yatağın ehtiyatlarının çıxarılma əmsalının artırılmasına investisiya yatırmağa davam edir.
“Xüsusilə, şirkət yeni quyuların qazılması proqramını həyata keçirir və kompressor kompleksinin yaradılmasına 2,9 milyard dollar sərmayə qoyur”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu obyekt tam elektrikləşdiriləcək və Xəzərdə bu mürəkkəblik səviyyəsində ilk qurğu olacaq.
Texnologiyalar barədə danışan C.Kristofoli qeyd edib ki, onların effektivliyi ixtisaslı kadrlarla və istehsal proseslərinə inteqrasiya ilə birbaşa bağlıdır.
“Xəzərdə ilk dəfə olaraq təzyiqə çox dəqiq nəzarət etməyə imkan verən yeni texnologiya tətbiq etmişik. Bu, texnologiyaların yataqların resurs potensialının üzə çıxarılmasına necə kömək etdiyinin nümunəsidir”, – deyə o bildirib.