Bakı. Trend:
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç karyerasında beşinci dəfə dünya çempionatında iştirak edəcək.
Trend xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu DÇ-2026 üçün Xorvatiya millisinin yekun heyətinə daxil edilib.
Modriç daha əvvəl 2006, 2014, 2018 və 2022-ci il dünya çempionatlarında çıxış edib. Beləliklə, o, karyerasında beşinci mundiala yollanacaq.
Tarixdə yalnız üç futbolçu dünya çempionatlarının yekun heyətinə Modriçdən daha çox – altı dəfə düşüb. Bunlar Argentina millisinin kapitanı Lionel Messi, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo və Meksika millisinin qapıçısı Gilermo Oçoadır.
Bundan əvvəl Modriçin DÇ-2026-dan sonra futbolçu karyerasını başa vuracağı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının qrup mərhələsində İngiltərə, Panama və Qana ilə eyni qrupda mübarizə aparacaq.