Bakı. Trend:
"Saipem" şirkəti Azərbaycanda "yaşıl" enerji və dekarbonizasiya sahəsində layihələrin həyata keçirilməsi imkanlarını qiymətləndirir.
Bunu Trend-ə müsahibəsində "Saipem"in Azərbaycan, Qazaxıstan, Rumıniya və Türkiyə üzrə regional meneceri Ernesto Ferlenqi deyib.
"Azərbaycan bizim üçün sadəcə növbəti bazar deyil. Bu, təxminən 30 il ərzində münasibətlər, etimad və texniki ekspertiza formalaşdırdığımız ölkədir. Buradakı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır, çünki Xəzər regionu dünyanın ən maraqlı və uzunmüddətli enerji bölgələrindən biri olaraq qalır. Azərbaycan siyasi sabitliyi, güclü institusional tərəfdaşları və dəniz yataqlarının işlənməsi sahəsində dərin texniki təcrübəsi ilə seçilir. Bütün bunlar mürəkkəb layihələrin həyata keçirilməsi üçün etibarlı mühit yaradır", - deyə E.Ferlenqi bildirib.
Onun sözlərinə görə, ölkənin neft-qaz sahəsində lider mövqeyini qorumaqla yanaşı, enerji keçidinə hazırlıq istiqamətində aydın strategiyaya malik olması xüsusilə cəlbedicidir.
Regional menecer qeyd edib ki, Azərbaycanda davamlılıq, uzunmüddətli planlaşdırma və bp, Total, Adnoc kimi beynəlxalq investorlarla əməkdaşlığa açıqlıq mövcuddur. Bu isə onilliklər ərzində insan kapitalına, texnologiyalara və ekspertizaya sərmayə yatıran şirkətlər üçün mühüm əhəmiyyət daşıyır.
"Biz Azərbaycanı ənənəvi enerji ilə yeni enerji həllərinin uzun illər paralel şəkildə inkişaf edəcəyi ölkə kimi görürük. Neft-qaz sektorunda dəniz yataqlarının işlənməsi, sualtı qurğular, mövcud yataqların modernləşdirilməsi ("brownfield" layihələri) və qaz infrastrukturu istiqamətlərində mühüm imkanlar qalmaqdadır. Bunlar bizim güclü təcrübəyə malik olduğumuz və xüsusilə mürəkkəb layihələrdə əlavə dəyər yarada bildiyimiz sahələrdir. Yeni layihələrə yanaşmamız seçici və məsuliyyətlidir. Bizim üçün əsas məqsəd həcmlər deyil, uzunmüddətli tərəfdaşlıq, texniki mükəmməllik və ölkədə davamlı dəyər yaratmaqdır", - deyə E.Ferlenqi vurğulayıb.
O bildirib ki, şirkət eyni zamanda "yaşıl" enerji və dekarbonizasiya istiqamətindəki layihələri də araşdırır.
"Enerji keçidi bizim üçün abstrakt anlayış deyil və artıq dünya üzrə həyata keçirdiyimiz layihələrin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda dəniz külək enerjisi, enerji obyektlərinin elektrikləşdirilməsi və qaz təchizatı zəncirinin dekarbonizasiyası istiqamətlərində artan dinamika müşahidə edirik. Azərbaycanın dəniz təcrübəsini və ixrac infrastrukturunu nəzərə alsaq, ölkə regional enerji keçidində mühüm rol oynamaq potensialına malikdir.
Məqsədimiz praktik mühəndislik həlləri vasitəsilə bu prosesə töhfə verməkdir. Bu, istər mövcud obyektlərin səmərəliliyinin artırılması, istər karbon emissiyalarının idarə olunması təşəbbüslərinin dəstəklənməsi, istərsə də Xəzər regionunda gələcək bərpa olunan enerji layihələrində iştirak olsun. Bizim üçün əsas məsələ bu gün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, gələcək üçün daha dayanıqlı enerji sisteminin formalaşdırılmasına dəstək verməkdir", - deyə E.Ferlenqi yekunlaşdırıb.