Bakı. Trend:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 2-dən etibarən Ermənistandan gətirilən çəyirdəkli meyvələr və üzümə müvəqqəti idxal məhdudiyyəti tətbiq edib.
Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb Ermənistan mənşəli meyvələrin Rusiyaya ixracı zamanı aşkar olunan pozuntu hallarının artmasıdır.
Rosselxoznadzor hesab edir ki, mövcud vəziyyət Rusiya və Avrasiya İqtisadi İttifaqı ərazisində fitosanitar təhlükəsizlik üçün risk yaradır, eyni zamanda Rusiyada bağçılıq, meyvəçilik və üzümçülüyün inkişafına yönəlmiş dövlət proqramlarının icrasına mənfi təsir göstərə bilər.
Bu səbəbdən 2026-cı il iyunun 2-dən albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm daxil olmaqla çəyirdəkli meyvələrin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət qoyulur.