Bakı. Trend:
1 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və Azərbaycan–ABŞ Strateji İşçi Qrupunun həmsədri Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və ABŞ tərəfindən Strateji İşçi Qrupun həmsədri Sonata Koulterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki, Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş görüşdə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və 2 iyun tarixində Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, görüşdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.


