Bakı. Trend:
Avtonom səviyyəsi nə qədər yüksək olarsa, proseslərin idarə olunmasına cavabdeh olan şəxsə bir o qədər az yük düşər.
Trend-in məlumatına görə, ABB Energy Industries şirkətinin Müştəri Hesablarının İdarə Edilməsi üzrə vitse-prezidenti Danilo Sezar da Silva bu açıqlamanı Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində panel iclasında verib.
Onun sözlərinə görə, bu gün dünya ağıllı anbarlardan və müasir təyyarələrdən tutmuş avtonom idarəetmə sistemlərinə qədər çoxsaylı texnoloji həllərlə əhatə olunub. Lakin əsas sual bu sistemlərin həqiqətən avtonom, yoxsa sadəcə avtomatlaşdırılmış olub-olmamasıdır.
"Niyə avtonoma doğru irəliləməliyik? Aydındır ki, sənayemiz enerji sistemlərində getdikcə daha mürəkkəblik müşahidə edir. Bundan əlavə, mütəxəssislərdə nəsil dəyişikliyi baş verir və bu da iş yanaşmalarında dəyişiklik tələb edir. Nəhayət, bütün bazar iştirakçıları gəlirliliyi artırmaq üçün təzyiq altındadırlar", - deyə o qeyd edib.
Silva vurğulayıb ki, avtonom texnologiyalar mövcud rəqəmsal həllərin əvəzedicisi kimi qəbul edilməməlidir.
"Mən demirəm ki, avtonom bulud hesablamasını əvəz edəcək, amma bu, bizə üstün aktiv performansına nail olmağın sərhədlərini genişləndirməyə imkan verir", - deyə şirkət nümayəndəsi bildirib.
O, avtonom səviyyələrinin aydın təsnifatının artıq mövcud olduğu avtonom nəqliyyat vasitələrini nümunə göstərib.
"Avtomobil sənayesində altı avtonom səviyyəsi mövcuddur. Lakin, sənayemizdə avtonomun əslində nə demək olduğunu müəyyən etmək üçün strukturlaşdırılmış bir yanaşma yoxdur", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ABB bu yanaşmanı sənaye üçün uyğunlaşdırıb, avtonom səviyyəsini insanın tapşırıqların yerinə yetirilməsində iştirak dərəcəsinə əsasən müəyyən edib.
"Yəni, avtonom səviyyəsi insanın əllərinin, gözlərinin və düşüncəsinin bir tapşırığı yerinə yetirməkdə nə dərəcədə iştirak etməsi ilə ölçülə bilər. Sıfır səviyyəsində əksər proseslər əl ilə yerinə yetirilir və tamamilə insanlardan asılıdır. Avtonom səviyyəsi artdıqca, insanın iştirakı tədricən azalır", - deyə Danilo Sezar da Silva qeyd edib.
O qeyd edib ki, 2-ci səviyyə avtonomda operatorun əlləri artıq müəyyən əməliyyatlarda iştirak etməyə bilər; 3-cü səviyyədə daimi vizual monitorinqə ehtiyac vaxtaşırı azala bilər; 4-cü səviyyədə isə insan iştirakı daha da məhdudlaşır. 5-ci səviyyə tam avtonom deməkdir.
ABB Energy Industries nümayəndəsinin sözlərinə görə, avtomatlaşdırılmış sistemlər daha yüksək avtonom səviyyələrinə keçid üçün təməldir.
"Avtonom səviyyəsi nə qədər yüksək olarsa, avtomatlaşdırılmış təməlin üzərinə bir o qədər çox rəqəmsal həllər tətbiq olunur. Nəticədə, avtonom artdıqca, proseslərin idarə olunmasına cavabdeh olan şəxsin üzərindəki yük azalır", - deyə o vurğuladı.