Bakı.Trend:
Enerji təhlükəsizliyi ilə bağlı məsələlər karbonsuzlaşdırma və üçüncü ölkələrlə əməkdaşlığın inkişafı vəzifələri ilə yanaşı, yenidən beynəlxalq gündəliyin mühüm mövzularından birinə çevrilib.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji təhlükəsizliyi və beynəlxalq əlaqələr üzrə direktoru Kristina Lobilo Borrero Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji təchizatının təhlükəsizliyini təmin etmək və dekarbonizasiya sahəsində birgə fəaliyyəti təşviq etmək məqsədilə üçüncü ölkələrdəki tərəfdaşlarla davamlı enerji dialoqu aparır.
“Misal olaraq Avropa İttifaqının Mərkəzi Asiya regionu, eləcə də Təmiz Keçid İnvestisiya Tərəfdaşlığı (Clean Transition Investment Partnership – CTIP) çərçivəsində Cənubi Afrika ilə əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslərini göstərə bilərik. Biz tənzimləyici çərçivələrin müzakirəsinə imkan verən yeni tərəfdaşlıq formatları yaratmaq istəyirik, çünki bəzən idxal və ixrac zamanı tənzimləyici maneələr yaranır. Enerji keçidi sahəsində əməkdaşlığın inkişafı da vacibdir və hər bir ölkə bu prosesi öz prinsiplərinə uyğun şəkildə həyata keçirə bilər”, – deyə o vurğulayıb.