Bakı. Trend:
Qırğızıstan Azərbaycanla əməkdaşlığın təkcə enerji sektorunda deyil, həm də yanacaq-sürtkü materialları və “yaşıl” enerji sahələrində inkişafında maraqlıdır.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində Qırğızıstanın Energetika naziri Talaibek İbrayev Trend-ə verdiyi açıqlamada bildirib.
“Biz Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq. Söhbət yalnız enerji sektorundan getmir, həm də yanacaq-sürtkü materialları sahəsində əməkdaşlıqdan gedir. Artıq birgə iş aparılır və biz onun səmərəliliyini, məhsuldarlığını artırmaq, eləcə də neft məhsullarının tədarük həcmlərini genişləndirmək istərdik. Bundan əlavə, yaşıl enerji sahəsində qarşılıqlı fəaliyyət də bizim üçün maraq doğurur”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, bu istiqamətdə, şübhəsiz ki, müəyyən addımlar atılacaq.
“Konkret nəticələr barədə danışmaq üçün hələ tezdir. Lakin bu gün şirkətlərlə, o cümlədən neft emalı sənayesinin nümayəndələri və hidroenergetika sahəsində tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılıb. Əməkdaşlıq üçün çoxsaylı imkanlarımız var”,- deyə nazir vurğulayıb.
O əlavə edib ki, forum çərçivəsində Qırğızıstan Energetika Nazirliyinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında da ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.