Bakı.Trend:
Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi (Black Sea Energy) layihəsinin texniki-iqtisadi əsaslandırması cari ilin iyul ayınadək tamamlanacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib.
“Müasir şəraitdə qarşılıqlı əlaqəlilik yeni güc arxitekturasına çevrildiyi bir vaxtda Azərbaycan elektrik enerjisi və yaşıl enerji vasitəsilə bütün Avrasiya boyunca yeni enerji körpüləri qurur. Bu kontekstdə 2032-ci ildən etibarən mərhələli şəkildə 3,9 GVt gücün ötürülməsini nəzərdə tutan Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması cari ilin iyul ayına qədər tamamlanacaq”, – deyə nazir bildirib.
Pərviz Şahbazov qeyd edib ki, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdirilən Mərkəzi Asiya – Azərbaycan enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının isə 2027-ci ilin may ayında başa çatdırılması gözlənilir.