Bakı. Trend:
Azərbaycanın irimiqyaslı bərpa olunan enerji layihələri nəticəsində 2035-ci ilədək ölkənin enerji balansında bərpa olunan mənbələrin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində işlər aparılır və artıq bu çərçivədə real və strateji layihələr icra olunur.
Onun sözlərinə görə, ən mühüm layihələrdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir.
Pərviz Şahbazov xatırladıb ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında bu layihə üzrə strateji tərəfdaşlıq sazişi iki il əvvəl Bakıda imzalanıb və bu, ölkələrin ortaq siyasi iradəsinin və uzunmüddətli baxışının nəticəsidir: "Ölkələr arasında elektrik sistemlərini birləşdirəcək transxəzər enerji dəhlizinin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır. Eyni zamanda, bu layihə Xəzər dənizi vasitəsilə Avropa ilə Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaradır".
Nazir əlavə edib ki, Bakı mənzil-qərargahlı “Green Corridor Alliance” birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən texniki-iqtisadi əsaslandırma işlərinə nəzarət edir.
Pərviz Şahbazov bildirib ki, Azərbaycanın irimiqyaslı bərpa olunan enerji layihələri nəticəsində 2035-ci ilədək ölkənin enerji balansında bərpa olunan mənbələrin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu siyasət regional əməkdaşlığın genişləndirilməsinə və strateji layihələrin həyata keçirilməsinə xidmət edir: "Eyni zamanda “Xəzər–Qara dəniz–Avropa” yaşıl enerji dəhlizi, eləcə də Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonneksiyaları istiqamətində intensiv işlər aparılır. Bu təşəbbüslər transxəzər yaşıl enerji dəhlizini birləşdirici strateji platformanın əsas həlqəsinə çevirir. Bu layihələr həm də rəqəmsal əlaqəlilik, fiber-optik infrastruktur və ümumi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır və yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır".