Bakı.Trend:
Ötən il Avropa İttifaqına boru kəməri idxal olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur.
“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır”, – deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib”, – deyə o əlavə edib.