Bakı. Trend:
Metan emissiyalarının azaldılması SOCAR üçün qısa və orta müddətli perspektivdə əsas prioritet istiqamətlərdən biridir.
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.
Onun sözlərinə görə, SOCAR metan emissiyalarının idarə olunması və azaldılması məsələsini bu sahədə əsas hədəf kimi müəyyənləşdirib və son illərdə bu istiqamətə xüsusi diqqət yetirir.
"Hazırda metan emissiyalarının azaldılması üçün bir sıra alətlər və metodologiyalar müəyyən etmişik. Bu metodologiyaların tətbiqi isə yalnız müasir texnologiyaların köməyi ilə mümkündür. Bu baxımdan, neft-qaz sənayesinə texnoloji həllər təqdim edən şirkətlərin rolu böyükdür", – deyə o bildirib.
H.Abdullayev vurğulayıb ki, qaz sızmalarının aşkarlanması və aradan qaldırılması (Leak Detection and Repair – LDAR) üzrə tədbirlər metan emissiyalarının azaldılmasında ən effektiv və sürətli nəticə verən istiqamətlərdən biridir. "Bu sahədə görülən tədbirlər adətən daha sadə olur və bir çox hallarda həm əməliyyat, həm də kommersiya baxımından səmərəli hesab edilir", – deyə o qeyd edib.
SOCAR rəsmisinin sözlərinə görə, şirkət üçün hazırkı mərhələdə əsas diqqət mövcud texnologiyalardan istifadə etməklə metan emissiyalarının azaldılmasına yönəlib və bu istiqamətdə artıq genişmiqyaslı işlər həyata keçirilir.
H.Abdullayev əlavə edib ki, istənilən texnologiyanın tətbiqindən əvvəl emissiyalarla bağlı məlumatların keyfiyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır.
"Bu, ölçmələrin aparılması, monitorinqlərin təşkili, süni intellekt alətlərinin tətbiqi və məlumatların dəqiqləşdirilməsini əhatə edir. Ölçmə və verifikasiya prosesləri tamamlandıqdan sonra metan emissiyalarının azaldılmasına yönəlmiş hədəfli tədbirlərin həyata keçirilməsi mümkün olur", – deyə o bildirib.