Bakı.Trend:
Kommersiya fəaliyyətinə başladığı vaxtdan Trans-Adriatik qaz kəməri Avropaya təxminən 60 milyard kubmetr qaz nəql edib
Bunu TAP-ın idarəedici- direktoru Luka Skiepatti Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Bu, xüsusilə İtaliya kimi əsas bazarlarda özünü göstərir. Belə ki, 2025-ci ildə TAP ölkənin ümumi qaz idxalının təxminən 16 faizini və boru kəməri ilə idxal olunan qazın 25 faizini təmin edib. Yunanıstanda isə qaz idxalının 14 faizdən çoxu TAP-ın payına düşüb. Həcmlərlə yanaşı, TAP qaz qəbul edən ölkələrin Avropanın enerji sisteminin ayrılmaz hissəsinə çevrilməsinə töhfə verib, regional əlaqəliliyi və təchizat təhlükəsizliyini gücləndirib, həmçinin Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda bəzi yanacaq növlərinə nisbətən daha rəqabətə davamlı və daha az karbon emissiyalı alternativ təqdim edib. Həmin regionlarda enerji sektoru hələ də elektrik enerjisi istehsalında kömür və liqnit (boz daş kömür-red) kimi ağır fosil yanacaqlardan həddindən artıq asılıdır. Getdikcə mürəkkəbləşən şəraitdə mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də dəyişən bazar şəraitinə uyğunlaşma və dayanıqlılıq daha da vacib olur. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kimi infrastruktur bu proseslərin təmin edilməsində və Avropanın enerji sisteminin ümumi dayanıqlılığının artırılmasında mərkəzi rol oynayır”, – deyə TAP-ın idarəedici direktoru bildirib.
O əlavə edib ki, etibarlılıq, dayanıqlılıq və çeviklik TAP-ın həm kommersiya, həm də əməliyyat inkişafının əsas elementləridir.
“Ötürücülük qabiliyyəti üzrə standart məhsullarla yanaşı, qaz kəməri tədricən xidmət çeşidini genişləndirərək əks (reversiv) axınlar və gün ərzində həyata keçirilən tədarüklər kimi imkanlar təqdim edib, həmçinin bazar tələbinə uyğun olaraq fiziki ötürücülük qabiliyyətini artırıb. 2021-ci il bazar testinin nəticələri əsasında həyata keçirilmiş son genişləndirmə bu istiqamətdə mühüm mərhələ olub. Bu genişləndirmə sistemə əlavə güclər qazandırmaqla TAP-ın həm təchizat həcmlərini, həm də xidmət göstərdiyi bazarlar üçün çevikliyi təmin etmək imkanlarını gücləndirib.