Bakı. Trend:
Qazma əməliyyatlarında ardıcıl, təkrarlana bilən və proqnozlaşdırılan nəticələrin əldə olunması neft-qaz sənayesinin qarşısında duran əsas çağırışlardan biridir.
Trend xəbər verir ki, bunu SLB şirkətinin Asiya refionu üzrə qazma həlləri biznes meneceri Hatem Aboşrida bu gün Bakıda 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində deyib.
Onun sözlərinə görə, hazırda eyni yataqda, hətta eyni qazma qurğusunda və ya platformada fərqli briqadaların işləməsi nəticəsində əldə olunan göstəricilər arasında ciddi fərqlər müşahidə olunur.
"Bu uyğunsuzluqlar görünməyən vaxt itkilərinə səbəb olur və nəticədə quyuların tikintisi prosesində səmərəliliyin azalmasına gətirib çıxarır. Problemin əsas səbəblərindən biri məlumatların müxtəlif sistemlərdə parçalanmış vəziyyətdə saxlanılması və onların bir-biri ilə inteqrasiya olunmamasıdır. Köhnə və yeni sistemlər arasında əlaqənin zəif olması, müxtəlif fəaliyyət sahələri üzrə məlumat mübadiləsinin məhdudluğu, eləcə də insan amilindən yüksək asılılıq əməliyyatlarda qeyri-sabit nəticələr yaradır", – deyə o bildirib.
H.Aboşrida qeyd edib ki, qazma prosesinin optimallaşdırılması üçün planlaşdırmadan icraya qədər bütün mərhələləri əhatə edən vahid və qarşılıqlı əlaqəli idarəetmə sisteminin yaradılması vacibdir.
"Ən ideal yanaşma əvvəlki və analoji quyular üzrə toplanmış bütün təcrübə və məlumatların süni intellektdən istifadə edən vahid platformada birləşdirilməsidir. Bu, qazma prosesindən əvvəl potensial riskləri və problemləri proqnozlaşdırmağa imkan verir", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, hazırlanmış planların rəqəmsal formatda icra mərhələsinə ötürülməsi və avtonom sistemlər tərəfindən idarə olunması əməliyyatların təhlükəsizliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
"Bu sistemlər qazma mühəndisləri tərəfindən müəyyən edilmiş bütün texniki məhdudiyyətlərə və təhlükəsizlik tələblərinə tam riayət olunmasını təmin edir. İcra zamanı ortaya çıxan hər bir problem və ya anomaliya qeydə alınır, təhlil edilir və növbəti layihələr üçün yeni bilik mənbəyinə çevrilir. Beləliklə, davamlı öyrənmə və fasiləsiz təkmilləşmə dövrü formalaşır", – deyə H.Aboşrida əlavə edib.