Bakı. Trend:
ABŞ Kosmik Qüvvələri hava hədəflərinin kosmosdan izlənməsi və müşayiəti üçün nəzərdə tutulan peyk qrupunun yaradılması məqsədilə "SpaceX" şirkəti ilə 4,16 milyard dollar dəyərində müqavilə bağlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni peyk sistemi Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin iştirakı ilə həyata keçirilən "Kosmik Bazalı Hava Hərəkətli Hədəf Göstəricisi" proqramı çərçivəsində formalaşdırılacaq.
Rəsmi açıqlamaya əsasən, orbital aparat qrupu mövcud hava müşahidə imkanlarını tamamlayacaq və indiyədək yerüstü radar sistemləri, eləcə də uzaq məsafədən radiolokasiya aşkarlama təyyarələrinin yerinə yetirdiyi bir sıra funksiyaları icra edəcək.
Müqaviləyə görə, "SpaceX" peyklərin orbitə çıxarılmasını 2028-ci ilə qədər başa çatdırmalıdır. Bununla yanaşı, layihə çərçivəsində neçə peykin yerləşdiriləcəyi açıqlanmayıb.
Məlumata görə, həmin peyklər gələcəkdə "Qızıl günbəz" raketdən müdafiə sistemi proqramı çərçivəsində raket buraxılışlarının aşkarlanması və izlənməsi üçün də istifadə edilə bilər.