Bakı. Trend:
Finlandiyanın müdafiə naziri Antti Hakkanen Prezident Aleksandr Stubbun Ukraynaya sayca 33-cü hərbi yardım paketinin göndərilməsi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, göndəriləcək silah və hərbi texnikanın ümumi dəyəri təxminən 128 milyon avro təşkil edir. Yardım paketinə həm Finlandiya Silahlı Qüvvələrinin ehtiyatlarından ayrılmış avadanlıqlar, həm də yerli müdafiə sənayesi müəssisələrindən alınmış məhsullar daxildir.
Nazirlik qeyd edib ki, Finlandiya indiyədək Ukraynaya ümumilikdə 3,4 milyard avro dəyərində müdafiə təyinatlı məhsul təqdim edib.
“Finlandiya Ukraynaya ehtiyac olduğu müddətdə dəstəyini davam etdirəcək. Bu yardım eyni zamanda ölkəmizin müdafiə sənayesinin inkişafına da töhfə verir. Hazırkı yardım paketləri sayəsində onlarla Finlandiya şirkəti öz məhsullarını ən mürəkkəb şəraitdə sınaqdan keçirmək imkanı əldə edib”, – deyə A.Hakkanen vurğulayıb.
Bildirilib ki, əməliyyat təhlükəsizliyi və yardımın təhlükəsiz şəkildə çatdırılması məqsədilə paketə daxil olan məhsulların detalları, logistika marşrutları və çatdırılma vaxtı açıqlanmır. Yardım paketinin hazırlanması zamanı həm Ukraynanın tələbləri, həm də Finlandiya Silahlı Qüvvələrinin mövcud resursları nəzərə alınıb.