İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin beynəlxalq danışıqlara və təhlükəsizlik məsələlərinə yanaşması ilə bağlı sərt açıqlamalar verib.
Modern.az xəbər verir ki, Qalibaf bildirib ki, Tehran güzəştlərə danışıqlar yolu ilə deyil, güc nümayişi ilə nail olur.
“Biz güzəştləri dialoqla deyil, raketlə əldə edirik. Danışıqlarda sadəcə qarşı tərəfə vəziyyətin necə olduğunu izah edirik”, – deyə o vurğulayıb.
Parlament sədri əlavə edib ki, İran heç bir təminata və verilən sözlərə inanmır.
“Biz nə təminatlara, nə də sözlərə inanırıq — əsas meyar yalnız əməllərdir. Qarşı tərəf addım atmayınca, heç bir addım atılmayacaq”, – deyə Qalibaf qeyd edib.
Onun sözlərinə görə, istənilən razılaşmada üstünlük müharibəyə daha yaxşı hazırlaşan tərəfin olur.
“İstənilən razılaşmada qalib gələn tərəf müharibəyə daha yaxşı hazırlaşandır”, – İran parlament sədri bildirib.