Azərbaycanda maaşların həftəlik ödənilməsi modelinin tətbiqi məsələsi vaxtaşırı müzakirə olunsa da, ekspertlər hesab edir ki, hazırkı mərhələdə əsas problem ödənişin tezliyi deyil, əməkhaqqının real yaşayış xərclərinə uyğun olmamasıdır. Beynəlxalq praktikada həftəlik maaş sistemi müəyyən sahələrdə uğurla tətbiq edilsə də, bu modelin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, fəaliyyət sahəsindən və digər amillərdən asılı olaraq, bir sıra ölkələrdə əməkhaqqı həftəlik, ayda iki dəfə və ya aylıq şəkildə ödənilir. Deputat qeyd edib ki, həftəlik əməkhaqqı sistemi xüsusilə ABŞ, Böyük Britaniya və Kanada kimi ölkələrdə geniş yayılıb: “ABŞ-da özəl şirkətlərin 30 faizə yaxını həftədə bir dəfə ödəniş formasından istifadə edir. Bu sistem tikinti, pərakəndə ticarət və xidmət sektorunda daha çox tətbiq olunur. İşçilər qazandıqları vəsaiti daha tez əldə etdikləri üçün gündəlik xərclərini idarə etmək onlar üçün asanlaşır”. Əli Məsimli vurğulayıb ki, həftəlik maaş sistemi xüsusilə aşağı gəlirli ailələr üçün müəyyən üstünlüklər yaratsa da, impulsiv xərcləmə riskini də artırır: