Bakı. Trend:
Fransada Avropanın ən böyük 3D-printerlə çap edilmiş çoxmənzilli binası inşa olunub
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Fransada 3D çap texnologiyası vasitəsilə tikilmiş Avropanın ən böyük çoxmənzilli yaşayış binasının inşası başa çatıb. Üçmərtəbəli kompleksdə 12 sosial mənzil yerləşir və binanın çap prosesi cəmi 34 gün çəkib.
ViliaSprint² layihəsi “Plurial Novilia” tikinti şirkəti ilə “HOBO Architecture” memarlıq bürosunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Çap işlərini COBOD BOD2 printerindən istifadə edən “PERI 3D Construction” şirkəti yerinə yetirib. Yeni bina həmin tikinti şirkətinin ənənəvi üsulla inşa etdiyi, demək olar ki, eyni olan başqa bir binanın yaxınlığında yerləşir. Lakin həmin binanın tikintisi üç ay daha çox vaxt aparıb.
ViliaSprint² ənənəvi texnologiya ilə tikilmiş qonşu binadan üç ay əvvəl tamamlanıb.
Binanın daxili sahəsi üç mərtəbə üzrə bölüşdürülmüş 800 kvadratmetr yaşayış sahəsini əhatə edir. Sosial təyinatlı 12 mənzilin hər birinin öz eyvanı var.
Mövcud məlumatlara əsasən, ViliaSprint² dünyada 3D-printer vasitəsilə çap edilmiş ən böyük çoxmənzilli bina hesab edilə bilər. Lakin bu sahə o qədər sürətlə və qeyri-mərkəzləşdirilmiş şəkildə inkişaf edir ki, daha iri layihələrin mövcudluğunu da istisna etmək mümkün deyil.