Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirakçılar üçün yeni əməkdaşlıq və biznes imkanları yaradır.
Bunu Trend-ə açıqlamasında Qananın İşlər və Mənzil Nazirliyinin Mənzil Təsərrüfatı üzrə müvəqqəti direktoru, memar Kris Pobi Abbi deyib.
Onun sözlərinə görə, bu cür beynəlxalq platformalar iştirakçılara yeni əlaqələr qurmaq, qabaqcıl təcrübələri öyrənmək və müxtəlif ölkələrin şəhərsalma sahəsində yanaşmalarını müqayisə etmək imkanı verir.
“Belə forumlar bizim üçün şəbəkələşmə, biznes imkanlarının araşdırılması, ən yaxşı təcrübələrin öyrənilməsi və onların ölkələrimizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o bildirib.
K.P.Abbi qeyd edib ki, forum çərçivəsində əldə olunan təcrübə gələcəkdə Qanada mənzil və şəhərsalma siyasətinin inkişafına da töhfə verə bilər.
O, həmçinin Bakı ilə bağlı ilkin təəssüratlarını da bölüşüb. Qonaq şəhərin gözəlliyindən məmnun qaldıqlarını bildirib.
“Bu gün Bakıya gəldik və şəhər bizdə çox xoş təəssürat yaratdı. Bakını çox bəyəndik. Düşünürəm ki, belə mühüm tədbirin burada keçirilməsi təsadüfi deyil”, - deyə o vurğulayıb.
K.P.Abbi əlavə edib ki, imkan yarandıqca Bakının müxtəlif məkanlarını gəzmək və Azərbaycanın təcrübəsi ilə yaxından tanış olmaq istəyirlər.