21-ci əsr beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşdığı, siyasi və iqtisadi güc balansının yenidən müəyyənləşdiyi mürəkkəb tarixi mərhələ kimi xarakterizə olunur. Qloballaşma prosesinin sürətlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin strateji əhəmiyyəti, regional inteqrasiyaların güclənməsi və mədəni-sivilizasiya əsaslı əməkdaşlıq modellərinin genişlənməsi müasir dünyanın əsas inkişaf tendensiyalarındandır. Belə bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk xalqlarının vahid strateji platforma ətrafında birləşməsi artıq yalnız mədəni ideal yox, eyni zamanda mühüm geosiyasi zərurət kimi çıxış edir. Türk dünyası geniş coğrafiyanı əhatə edən, zəngin təbii resurslara, mühüm tranzit imkanlarına, gənc insan kapitalına və qədim dövlətçilik ənənələrinə sahib böyük sivilizasiya məkanıdır. Balkanlardan Orta Asiyaya, Qafqazdan Anadoluya qədər uzanan bu coğrafiya tarix boyu dünya siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə ciddi təsir göstərmişdir. Müasir dövrdə isə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır. Tarixə nəzər saldıqda türk xalqlarının müxtəlif dövrlərdə dünya siyasətində mühüm rol oynadığı aydın görünür. Böyük Hun İmperiyası, Göytürk Xaqanlığı, Səlcuq İmperiyası və Osmanlı İmperiyası kimi dövlətlər geniş coğrafiyalarda siyasi sabitliyin təmin edilməsində, beynəlxalq ticarətin inkişafında və mədəniyyətlərarası münasibətlərin formalaşmasında mühüm rol oynamışdır. Xüsusilə Osmanlı İmperiyası əsrlər boyu Avropa, Asiya və Afrika arasında mühüm geosiyasi güc mərkəzi kimi çıxış etmişdir. Bu tarixi təcrübə göstərir ki, türk xalqları böyük siyasi və strateji birlik yaratmaq potensialına malikdir. Müasir dövrdə türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqedə yerləşir. Bu coğrafiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi olmaqla yanaşı, enerji ehtiyatları baxımından da dünyanın ən mühüm regionlarından biridir. Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin enerji ehtiyatları, Türkiyənin tranzit-logistika imkanları, Orta Asiyanın geniş iqtisadi potensialı türk dünyasının beynəlxalq sistemdə rolunu daha da artırır. Xüsusilə son illərdə həyata keçirilən transmilli layihələr türk dövlətləri arasında inteqrasiyanın strateji mahiyyətini gücləndirmişdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz layihəsi yalnız iqtisadi təşəbbüs kimi yox, eyni zamanda türk dünyasının geosiyasi birliyinin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Bu layihələr Avrasiya məkanında yeni iqtisadi və siyasi düzənin formalaşmasına ciddi təsir göstərir. Türk dünyasının inteqrasiyası ideyası Azərbaycan dövlətçilik düşüncəsində xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev türk xalqları arasında birliyin qorunmasını strateji məsələ kimi qiymətləndirirdi. Onun “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin mahiyyətini ifadə etməklə yanaşı, bütövlükdə türk dünyasının həmrəyliyinə verilən siyasi və mənəvi dəyərin göstəricisi idi. Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, ortaq tarixə, dilə və mədəniyyətə malik türk xalqları qarşılıqlı əməkdaşlığı gücləndirməklə beynəlxalq münasibətlər sistemində daha mühüm mövqe tuta bilərlər. Onun təşəbbüsü və siyasi fəaliyyəti nəticəsində Azərbaycan türk dövlətləri arasında əməkdaşlıq prosesində fəal iştirak etmiş, ortaq mədəni və siyasi platformaların formalaşmasına mühüm töhfə vermişdir. Xüsusilə 1990-cı illərdə müstəqilliyini bərpa etmiş türk respublikaları ilə əlaqələrin inkişafı türk dünyasının gələcək inteqrasiyası üçün mühüm siyasi əsas yaratmışdır.
Türk dünyasının bu gün nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi həm tarixi təcrübədən, həm də müasir beynəlxalq münasibətlər sisteminin tələblərindən irəli gələn strateji zərurətdir. Tarix boyu böyük dövlətçilik ənənələri formalaşdırmış türk xalqları bu gün də geniş iqtisadi, siyasi və mədəni potensiala malikdir. Ümummilli lider Heydər Əliyevin türk birliyi ideyasına verdiyi strateji əhəmiyyət və Prezident İlham Əliyevin türk dünyasının gələcəyinə dair irəli sürdüyü baxış bu istiqamətdə mühüm siyasi konsepsiya formalaşdırır. Türk dövlətləri ortaq maraqlar əsasında qarşılıqlı əməkdaşlığı daha da gücləndirdikcə, gələcəkdə yalnız regional yox, qlobal miqyasda da mühüm təsir imkanlarına malik güc mərkəzlərindən birinə çevriləcəyi aydın görünür. Tanrı türkü qorusun! Sadiq Qurbanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri