Bakı. Trend:
2026-cı ilin I rübündə Mərkəzi Bank avtonom amillərin monetar şəraitə təsirini minimallaşdırmaqla AZIR-i uçot dərəcəsinə yaxın saxlamaq üçün əsasən, 7 günlük depozit əməliyyatlardan istifadə edib. 2026-cı ilin yanvar-mart aylarında 23 depozit hərracı baş tutub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, həmin hərraclar üzrə orta əməliyyat həcmi 1 milyard 70.4 milyoon manat olub. Açıq bazar əməliyyatları qismində 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilib. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 44-ü baş tutub. Baş tutan hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub.
Qeyd edilib ki, mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 306.9 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 63.9 milyon manat azdır. Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.25%, 84 günlük notlar üzrə 6.22%, 168 günlük notlar üzrə 6.32%, 252 günlük notlar üzrə isə 6.35% olub.