Bakı.Trend:
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış çıxışı edərək Dünya Bankının “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanın kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirildiyini qeyd edib. O bildirib ki, müvafiq hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb. Ümumilikdə kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.
Toplantıda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi üzrə 2025-ci ildə görülən işlərə dair hesabat təqdim edilib.
İclasda sözügedən indikatorla bağlı təsdiqlənmiş 2026-cı ilin Yol Xəritəsi üzrə I rüb ərzində görülmüş işlərə dair hesabat da təqdim edilib və qarşıda duran vəzifələr müəyyən olunub.
İşçi qrupun rəhbəri biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.



