Mədəniyyət sahəsində ən böyük problemlərdən biri peşəkar kadr çatışmazlığıdır.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, yeni mədəniyyət konsepsiyasının əsas istiqamətlərindən biri insan resurslarının gücləndirilməsidir:
“Yeni mədəniyyət məzmunu, yeni forma və yeni infrastruktur üçün güclü kadr potensialına ehtiyac var”.
Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyi həm mövcud kadrların qiymətləndirilməsi, həm də yeni ixtisaslar üzrə mütəxəssis hazırlanması istiqamətində iş aparır.
Adil Kərimli bildirib ki, bəzi sahələr üzrə ölkədə kadr hazırlığı mümkün olmadığı üçün gənclər xaricdə təhsilə göndərilir:
“Son üç ildə 45 gənc dövlət proqramı ilə xarici ölkələrdə təhsilə cəlb olunub”.
Nazir vurğulayıb ki, həmin tələbələrin bir hissəsi kinematoqrafiya, rəqəmsal incəsənət və mədəniyyət menecmenti üzrə təhsil alır:
“Bugün ən çatışmayan ixtisaslardan biri məhz mədəniyyət menecerləridir”.
O əlavə edib ki, mədəniyyət sahəsində idarəetmə xüsusi yanaşma tələb edir:
“İnzibatçılıqla yaradıcılıq bir-birinə tərs mütənasibdir. Burada düzgün balans qorunmalıdır”.