Çin və ABŞ ümumi rifah və uğur naminə rəqabət deyil, tərəfdaşlıq münasibətlərini inkişaf etdirməlidirlər. Modern.az xəbər verir ki, bunu mayın 14-də Pekində Xalq Nümayəndələri Evinin toplantısında Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar zamanı bildirib.
“Çin və ABŞ arasında qarşıdurma qarşılıqlı zərərə gətirib çıxarar, buna görə də onlar rəqib deyil, tərəfdaş olmalıdırlar”, - deyə Si Cinpin bildirib.
Çin rəhbəri qeyd edib ki, qarşılıqlı dəstək və birgə inkişaf Pekinlə Vaşinqtona müasir şəraitdə iki böyük dövlət arasında yeni əməkdaşlıq formatı formalaşdırmağa kömək edə bilər. O həmçinin vurğulayıb ki, hər iki ölkənin maraqlarına və beynəlxalq gündəliyə aid əsas məsələlər üzrə fikir mübadiləsinə ümid edir. ABŞ prezidenti Donald Tramp isə Çinə səfərinin onun üçün böyük şərəf olduğunu bildirib.
“Bu, çox az insana nəsib olan bir şərəfdir”, - deyə o vurğulayıb.
Amerika lideri həmçinin iki ölkə arasında əməkdaşlıq perspektivlərindən danışıb. Onun sözlərinə görə, ABŞ və Çini “möhtəşəm gələcək” gözləyir.