Bir müddət əvvəl Milli Məclisin iclasında deputat Tahir Rzayev piyada keçidlərində insanların yolu bir-bir keçməsinin paytaxtda tıxacların artmasına səbəb olduğunu bildirmişdi. Deputat təklif etmişdi ki, piyadalar yolun qarşısında qrup şəklində toplandıqdan sonra keçid etsinlər. Bu fikir sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Bəzi vətəndaşlar bunu nəqliyyat sıxlığını azaltmaq üçün faydalı addım hesab etsə də, digərləri belə yanaşmanın həm hüquqi, həm də praktik baxımdan problemli olduğunu düşünür. Mövzunun yenidən gündəmə gəlməsi piyada keçidini bir-bir keçən şəxslər cərimələnə bilərmi sualını aktuallaşdırıb.
“Elə piyada keçidləri var ki, orada hərəkət işıqfor vasitəsilə tənzimlənir. Belə ərazilərdə insanlar adətən kütləvi şəkildə yolu keçirlər. Amma elə keçidlər də var ki, onlar nizamlanmır – məsələn, yerüstü və yeraltı piyada keçidləri. Bu hallarda piyadaların tək-tək keçməsi mümkündür və bu, normal vəziyyət hesab oluna bilər”. Ekspert qeyd edib ki, əsas məsələ piyadanın və sürücünün digər hərəkət iştirakçılarına mane olmamasıdır: “Həm sürücülərin, həm də piyadaların məsuliyyəti var. Sürücü digər hərəkət iştirakçılarına mane olmamalı, onların hərəkət trayektoriyasını təhlükəyə atmamalıdır. Piyadalar da eyni şəkildə digər şəxslərin hərəkətinə mane olmamalıdırlar”.
Aslan Əsədovun sözlərinə görə, sürətli və təhlükəli yollarda piyadalar daha diqqətli davranmalıdırlar: “Əgər piyadalar müəyyən olunmamış yerlərdən, xüsusilə sürətli yollardan keçməyə çalışırlarsa, bu zaman öz təhlükəsizliklərinə görə məsuliyyət daşıyırlar. Belə hallarda inzibati məsuliyyət də yarana bilər”. Ekspert hesab edir ki, piyadaların qrup şəklində və ya tək-tək keçməsi məsələsi hər yolda eyni formada qiymətləndirilə bilməz: “Bakıda və bölgələrdə elə yollar var ki, onların əksəriyyəti işıqforla tənzimlənir. Orada hərəkət üstünlüyü yaşıl və qırmızı işıq siqnalları ilə müəyyən edilir. Bu səbəbdən piyadaların mütləq qrup halında yolu keçməsi ilə bağlı yanaşmanı bütün keçidlərə tətbiq etmək düzgün olmaz”.