Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə keçiriləcək iclasında iştirak edəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir bu gün Şimali Makedoniya paytaxtına yola düşüb.
Skopyedəki toplantıda ATƏT-in növbəti sədri ilə bağlı məsələ gündəlikdə duran əsas məsələlərdən biri olacaq. Növbəti sədr kimi Estoniya ilə yanaşı, Malta da qeyd edilib və Şimali Makedoniyanın mandatının daha bir il uzadılması ilə bağlı fikirlər səsləndirilib. Şimali Makedoniya özü Maltanın 2024-cü ildən ATƏT-ə sədrlik etməyə hazır olmasını dəstəkləyib.
Sergey Lavrov bildirib ki, ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşlər üçün bir sıra müraciətlər var, o cümlədən Qərb nümayəndələri ilə də danışıqlar gözlənilir. Lakin o, konkret kiminlə görüşəcəyini açıqlamayıb.
ABŞ dövlət katibi Antoni Blinken də Şimali Makedoniyanın paytaxtına səfər etməyi planlaşdırıb və bununla da Lavrovla danışıqlar apara biləcəyini ehtimal etməyə əsas verib. Lakin Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərlə söhbətində belə bir görüşü istisna edib.
ATƏT xarici işlər nazirlərinin görüşünə qatılacaq Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell də rusiyalı nazirlə görüşməyi planlaşdırmayıb.
Bu arada Lavrovun səfəri bir sıra ölkələrin xarici işlər nazirlərinin ATƏT Nazirlər Şurasının iclasında iştirakdan imtinasına səbəb olub.
Belə ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya nümayəndə heyətinin iştirakı ilə əlaqədar ATƏT-in Şimali Makedoniyada keçiriləcək iclasında iştirak etməyəcək. Bundan başqa, Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Marqus Tsahkna, Krisjanis Karins və Gabrielius Landsbergis də Skopyedə keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında iştirakdan imtina edən birgə bəyanat yayıblar.