Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.
“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib. İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezidentin sözlərinə görə, nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.