“Azərbaycan qadını təkcə gözəl ana, sədaqətli həyat yoldaşı, vəfalı övlad deyil, eyni zamanda layiqli Azərbaycan vətəndaşı və ölkəmizin gələcəyi üçün qəhrəman oğullar böyüdən anadır”.
Bu sözləri Metbuat.az-a millət vəkili Jalə Əliyeva deyib.
Onunla olan müsahibəni təqdim edirik:
Azərbaycanın hərb, ədəbiyyat, mədəniyyət, həm də incəsənət tarixində silinməz izlər buraxan çox dəyərli xanımlarımız olub. Bu xanımların bir çoxu öz kişiləri, ataları ilə bərabər, hətta döyüş meydanına belə çıxmaqdan çəkinməyiblər. Bu gün isə biz XX əsrdə Azərbaycan qadınının simvoluna çevrilmiş cənab Prezident İlham Əliyevin anası, Ulu Öndərin vəfalı ömür gün yoldaşı Zərifə xanım Əliyevanı böyük ehtiramla anırıq.
Müasir Azərbaycan qadını deyəndə necə bir obraza malik xanım düşünülür?
Bütün dünyada müasir Azərbaycan qadını deyəndə Mehriban xanım Əliyevanın timsalında tanıdığı bir qadın obrazı yada düşür. Birinci xanımımız kimliyindən, milliyyətindən asılı olmayaraq köməyə gəlməyə hazır olan, humanist ideyalarını bütün dünyaya nümayiş etdirən, eyni zamanda həm daxili gözəlliyinin, həm də xarici gözəlliyinin vəhdətini özündə ehtiva edən, daşıyan bir qadın obrazıdır.
Bu gün xüsusilə Azərbaycanda uğur qazanmış qadınlar haqqında mütləq danışmalıyıq. Hazırda ölkədə Birinci vitse-prezidenti, ölkənin parlamentinin sədri qadındır. Azərbaycanda komitə sədrləri, onların müavinləri, nazir statusunda, icraedici strukturlarda, icra hakimiyyətlərində xanımlarımız çalışırlar.


