32 il bundan öncə Xocalıda yüzlərlə vətəndaşımız əzizlərini, yaxınlarını itirdilər.
“Həmin gecə mən də bütün xocalılar kimi ailəmi, qohumlarımı doğmalarımı itirdim. O vaxtlarda yoldaşım Xocalının özünün müdafiə batalyonunda döyüşürdü. Mən ayın 13-də, iki övladımla bərabər axıncı vertolyotla çıxmışdım. Həyat yoldaşım qardaşı, anası, böyük qaynımın 17 yaşında oğlu Xocalıda idilər. Soyqırım törədilən gecə onlar da on minlərlə Xocalı sakini kimi, meşələrə üz tutublar. Çünki artıq Xocalının müdafiə xəttini ermənilər qırmışdılar. Meşədə qaynımı ermənilər snayper gülləsi ilə vurublar. Qaynanam qaynımın üz-gözünü bağlayıb kolluqda gizlədib ki, qurd-quş yeməsin. Yoldaşım yolun yarısında qaynanama deyib ki, geri qayıdıb qardaşının ölüb-ölmədiyini yoxlamaq istəyir. Həmin kolluğa qayıdıb baxanda görür ki, qardaşı artıq ölüb. Sonra mənim həyat yoldaşım qohumumuz, Milli Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Araz və yoldaşımdan təslim olmasını istəyiblər. Bütün qadınlar, uşaqlar həmin mühasirədə olub. Mübarizə aparsalar da, ermənilər təslim olmaqlarını, əks-halda qadınları və uşaqları öldürəcəklərini deyiblər. Məcbur olub, silahı yerə qoyurlar. Ermənilər əsirləri aparanda yoldaşım anasına deyib ki, anası olduğunu deməsin. Çünki onu geri qaytarmayacaqdılar. Üç gün sonra qaynanam əsirlikdən üst-başı qan içərisində geri qayıtdı. Qaynımın öldüyünü qaynanam bizə desə də, həyat yoldaşım Vasifin öldüyünü bilmirdik.
Mart ayının ikisində əsirləri dəyişmək haqqında söhbət gedirdi. Bu vaxt 86 meyit gətirdilər. Meyitlərin içərisində həyat yoldaşım Vasif Məmmədov da var idi.
Həmin günü bizə dörd şəhidin nəşi gəldi. Onlardan biri qaynım, biri həyat yoldaşım, bir böyük qaynımın 17 yaşında oğlu, biri də yoldaşımın xalasının həyat yoldaşı idi. Biz onların dördünü də həmin günü dəfn etdik. İkisini Ağdamın Tərnöyüt kəndində, baldızımın yoldaşı Ağdamın atçılıq zavodunun həyətində, qaynımı isə Uzundərədə. Atam isə beş gün sonra donmuş vəziyyətdə meşədə tapılıb və həyatını da belə itirdi”.
Bu qədər ağrını, acını, kədəri ürəyində dağa çevirib həyatla mübarizədən vaz keçməyən Ceyran xanım deyir ki, ömrünün 32 ilini insan yaşayışı üçün nəzərdə tutulmayan yerlərdə yaşayaraq, həyatını pis yaxşı davam etdirməyə müvəffəq olub:
“Çalışıram ki, yaddan çıxan, heç adları çəkilməyən, kölgədə qalan, qapıları döyülüb, könülləri xoş edilməyən ailələri tapıb, onları cəmiyyətə tanıtdırım. Bizdə elə ailə var ki, həyat yoldaşı, iki oğlunu, ailəsinin əksəriyyətini itirib. Bunlar balaca dərd deyil. Elə dərdlər var ki, onları görəndə öz dərdini dərd saymırsan.



